İCRA BAŞÇISININ MÜAVİNİ “GÜNDƏLİK BAKI” QƏZETİNİ MƏHKƏMƏYƏ VERİB

noyabr 18th, 2009
Dünən (17 noyabr) Yasamal rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə Saatlı rayon İcra Hakimiyyəti  başçısının müavini İlham Quliyevin “Gündəlik Bakı” qəzetinə qarşı qaldırdığı xüsusi ittiham qaydasında iddia üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna qəzetin şef-redaktoru Ədil Hüseynli məlumat verib.
Hazırlıq iclasında “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev çıxış edərək, qarşı tərəfin iddiasının əsassız və qərəzli olduğunu bildirib və dövlət tərəfindən təyin edilən vəkildən imtina edib.
İddiaçının nümayəndəsi  iddiaların haqlı və əsaslı olduğunu bildirib və işin icraata götürülməsini xahiş edib.
Hakim A. Rzayev işə mahiyyəti üzrə baxılması üçün məhkəmə prosesini 24 noyabr saat 16:30-a təyin edib.

Xatırladaq ki,  Saatlı rayon İcra Hakimiyyəti  başçısının müavini İlham Quliyev “Gündəlik Bakı” qəzetində  10-17 noyabr tarixlərində yer alan “Saatlıda pul “razborka”sı və icra başçısının hərəkəti” başlıqlı yazıya görə, Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında iddia ərizəsi ilə müraciət edib.