BAŞ REDAKTORUN HƏBSDƏ ÖLMƏSİ FAKTI İLƏ BAĞLI VERİLƏN APELLYASİYA ŞİKAYƏTİ DƏ TƏMİN EDİLMƏDİ

Aprelin 29-da Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi ilə mərhum jurnalist, “Tolışi-Sədo” (“Talışın Səsi”) qəzetinin baş  redaktoru Novruzəli Məmmədovun ailə üzvlərinin Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2010-cu il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə  prosesi keçirilib.

Prosesdə mərhumun ailə üzvlərinin vəkili Ramiz Məmmədov, cavabdehlərdən isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mərkəzi müalicə müəsissəsinin nevrologiya şöbəsinin rəisi Məhərrəm İsayev və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi İftixar  Qurbanov, eləcə də media nümayəndələri iştirak edirdilər.

Vəkil Ramiz Məmmədov Novruzəli Məmmədovun həbs edildiyi zaman da bir-sıra xəstəliklərdən əziyyət çəkdiyini və ona laqeyd münasibət göstərilməsi nəticəsində onun həbsdə öldüyünü bildirib.

Daha sonra qısa müddətə müşavirəyə gedib geri dönən hakim İlqar Dəmirov iddianın təmin edilməməsi barədə çıxardığı qərarı elan etdi.

Prosesdən sonra vəkil Ramiz Məmmədov bu qərarı ədalətsiz hesab etdiyini və qərardan kassasiya şikayəti veriləcəyini  dedi.

            Xatırladaq ki, Novruzəli Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmə prosesində  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan baş redaktor özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

            Qeyd edək ki, Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında 68 yaşında müəmmalı şəkildə vəfat edib. Rəsmi qurumlar onun beyin qansızması  nəticəsində dünyasını dəyişdiyini desələr də, Novruzəli Məmmədovun Hüquqlarının Müdafiə Komitəsi və ailə üzvləri baş redaktora lazımi tibbi yardım göstərilməməyi və düzgün müalicə olunmamağı nəticəsində öldüyünü bildirirlər.

Previous Post

GƏNC FƏALIN MƏHKƏMƏSİNDƏ EKSPERT VƏ MÜSTƏNTİQ İFADƏ VERƏCƏK

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.