“HACIQABUL” QƏZETİNİN BAŞ REDAKTORU İŞDƏN ÇIXARILMAQLA HƏDƏLƏNİR

“Hacıqabul” qəzetinin baş redaktoru Məlahət Əsgərqızı Hacıqabul rayon İcra Hakimiyyətinin  başçısı tərəfindən hədələnir. Bu barədə bu gün (5 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) M. Əsgərqızının özü məlumat verib.

M. Əsgərqızının bildirdiyinə görə 2 il bundan əvvəl ondan Prezident Aparatına şikayət xarakterli ünvansız məktublar daxil olub və bu da  jurnalisti işdən çıxarılma təhlükəsi ilə üz-üzə qoyub:

“Mən bu barədə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova və digər aidiyyatlı qurumlara qarşılaşdığım qanunsuzluqlar barəsində müraciətlər etdim. Dünən Hacıqabul rayonun İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Əsabir Məmmədov məni çağıraraq, ərizə yazmağımı və işdən çıxmağımı məndən tələb etdi. Bunun səbəbini soruşduqda mənə dedi ki, 2 il bundan qabaq yazdığım şikayətə görə belə qərar qəbul olunub. Mən icra hakimiyyətinin başçısı Əhməd Muxtarovla görüşmək istədiyimi bildirdim. Ə. Muxtaraov kobud şəkildə bu rayonun yiyəsi olduğunu və istədiyi qərarları verə biləcəyini dedi. Bu hədə-qorxulara baxmayaraq, ərizəni imzalamadım, çünki əlimdə haqlı olduğumu sübut edən faktlar var.  Onu da qeyd edim ki,  rayonun icra hakimiyyəti həmçinin baş redaktoru olduğum qəzetin təsisçisidir. Üstəlik icra başçısı haqqımda maliyyə yoxlamaların aparılacağı ilə də məni hədələdi”, – deyə  M. Əsgərqızı bildirdi.

Məsələyə münasibət bildirməsi RATİ-nin  üçün rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarovun (050) 200 63 23 və (050) 224 60 09 nömrəli telefonları ilə əlaqə saxlamaq cəhdləri alınmayıb.

Qeyd edək ki, “Hacıqabul” qəzeti Hacıqabul rayon İcra Hakimməyətinin orqanı kimi 1991-ci il mayın 28-dən fəaliyyət göstərir və ayda 2 dəfə çap olunur. 

Previous Post

BAŞ REDATKORUN HƏBSİ TƏLƏB EDİLİR

Next Post

NEMƏT PƏNAHLININ AİLƏSİ SİYASİ SIĞINACAQ İSTƏMƏK NİYYƏTİNDƏDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.