BAŞ REDATKORUN HƏBSİ TƏLƏB EDİLİR

iyul 5th, 2011
Bu gün (5 iyul) Nəsimi rayon Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə türkiyəli  iş adamı Mustafa Tayatın “Polit –press” qəzetinin baş redaktoru Ədalət Nəbibəyliyə qarşı  xüsusi ittiham qaydasında şikayətinə əsasən məhkəmə hazırlıq iclası keçirildi.

Hazırlıq iclasında iddiaçı tərəfin hüquqlarını müdafiə edən vəkil Vüsal Dadaşov və cavabdeh   “Polit –press” qəzetinin baş redaktoru Ədalət Nəbibəyli və media nümayəndələri iştirak edirdilər.

İddiaçının vəkili V. Dadaşov qəzetə qarşı qaldırılan iddialarını müdafiə etdiklərini hakimə bildirdi.

 Cavabdeh Ədalət Nəbibəyli isə vəkillə təmin edilməsi üçün məhkəmədən vaxt istədiyini dedi.

Hakim E. Hümbətov prosesi 7 iyul saat 12:30-a təyin etdi.

Qeyd edək ki, RATİ əməkdaşları məhkəmədə video və fotoçəkiliş üçün müraciət etsələr də, hakim E. Hümbətov  əsassız olaraq buna icazə vermədiyini bildirib.

Xatırladaq ki,  Türkiyə vətəndaşı iş adamı  Mustafa Tayat  “Polit –press” qəzetinin № 23 (23) 18-23 iyun 2011-ci il  tarixli sayının 1-ci və 3-cü səhifəsində gedən  “Mustafa Tayatı Bakıda hansı nazir himayə edir?” başlıqlı məqalədə şərəf və ləyaqətinin təhqir edildiyini, işgüzar nüfuzuna xələl gətirən ifadələrin olmasını əsas gətirərək, “Polit –press” qəzetinin baş redaktoru Ə. Nəbibəylinin CM-nin 147.1  ( Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) və 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci maddəsi (Təhqir) ilə təqsirli bilinərək, məsuliyyətə cəlb edilməsini tələb edir.