BAŞ REDAKTOR TƏXRİBATA MƏRUZ QALDIĞINI BİLDİRİB

mart 1st, 2010
“P.S. Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli (Əliyev) təxribatla üzləşdiyi barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verib.

O bildirib ki, fevralın 21-də səhər saatlarında mənzilinin üst mərtəbəsində yaşayan ərəb mənşəli qonşusunun təhqiredici ifadələri ilə üzləşib. Təxribata getməyərək “102” xidmətinə zəng vurduğunu bildirən S. Əlibəyli bununla bağlı 35-ci polis bölməsinə dəvət edildiyini və izahat verdiyini qeyd etdi: “Mənə qarşı baş verən təxribat həbsdən sonra keçirdiyim mətbuat konfransındakı açıqlamalarım və “Xural” qəzetində dərc olunan müsahibəmlə əlaqədardır” – deyən S Əlibəyli həmçinin qeyd edib ki, baş verən insidentlə bağlı daxili işlər naziri Ramil Usubovla görüşmək üçün müraciət edib.
Xatırladaq ki, 8 oktyabr 2009-cu il tarixdə Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovun iddiasına əsasən “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli və əvvəllər bu qəzetdə baş məsləhətçi işləmiş Fərəməz Novruzoğlu üç ay müddətinə azadlıqdan məhrum edilmişdilər. Həmin hökmlə həmin vaxt “Nota” qəzetində çalışmış Ramiz Tağıyev də 6 ay müddətinə islah içləri ilə cəzalandırılmışdı.
Həmçinin oktyabrın 9-da Daxili Qoşunlar (DQ) komandanlığında təmsil olunan bir neçə şəxsin Sərdar Əlibəyliyə qarşı qaldırdıqları xüsusi ittiham qaydasında iddiaya əsasən Nizami rayon Məhkəməsinin çıxardığı hökmdən hər iki tərəfin verdiyi apelyasiya şikayəti üzrə çıxarılan qərara görə, Sərdar Əlibəyli əvvəlki cəzası da daxil olmaqla 4 ay azadlıqdan məhrum edilmiş, bu il fevralın 8-də həbs müddətini başa vuraraq azadlığa çıxmışdır.
Qeyd edək ki, Sərdar Əlibəylinin baş redaktor olduğu həftəlik “Nota Bene” və “Nota” qəzetləri Mətbuat Şurası tərəfindən “reket” elan olunduğu üçün, mətbəələr qəzetləri çap etməkdən imtina ediblər və MŞ-nin qərarı ilə razılaşmayan S.Əlibəyli “P.S. Nota” qəzetinin təsis edib.