BAŞ REDAKTOR ONA QARŞI QALDIRILMIŞ İDDİAYA BAŞQA HAKİMİN BAXMASINI İSTƏYİR

            Dünən (17 iyul) Yasamal rayon Məhkəməsində hakim Xaqani Tağıyevin sədrliyi ilə "Korrupsiya və Cəmiyyət" jurnalına və jurnalın baş redaktoru Məmməd Əhmədoğluna qarşı qaldırılmış iddia üzrə məhkəmə prosesi keçirilməli idi.

Lakin jurnalın baş redaktoru hakimə etiraz etdiyini və etirazın bir nüsxəsinin Yasamal rayon Məhkəməsinin sədri Ələddin Cəfərova göndərildiyini bildirib.  

Əhmədoğlu RATİ-nin əməkdaşı ilə söhbətində bunları qeyd edib: "Mənim etirazım hakim Xəqani Tağıyevin özü tərəfindən baxıldı, bu etiraz qarşı tərəfə də təqdim olundu. Hakim X.Tağıyev bildirdi ki, etirazı Yasamal rayon Məhkəməsinin sədrinə göstərəcək, o başqa hakimin işə baxmasına icazə verərsə, bu zaman bizə qarşı qaldırılan iddiaya başqa hakim baxacaq".  
Xatırladaq ki, "Murphy Shipping & Commercial Services" Ltd-nin rəhbəri, Nigeriya əsilli Böyük Britaniya vətəndaşı Adeola Aqbabiaka və onun nümayəndəsi  Namiq Ələkbərov  jurnalın 9-cu sayında çap edilmiş "Hakimin andı və iştahı" başlıqlı yazıya görə 19 sentyabr 2007-ci ildə Yasamal rayon Məhkəməsinə müraciət etmişdi. İddiaçı tərəf yazını şərəf və ləyaqətin pozulması kimi qiymətləndirərək, iddia ərizəsində  CM-nin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cinayət işinin başlanması, vurulan mənəvi zərərə görə 300000 (üç yüz min) AZN məbləğində cərimənin ödənilməsi və təkzib verilməsini məhkəmədən xahiş edib.
Hakim Xəqani Tağıyev  bu işlə  bağlı 04 okyabr 2007-ci il tarixində qərardad çıxarıb. Qərardada əsasən, iş mahiyyəti üzrə həll oluna qədər iddiaçılar haqqında və mübahisə predmeti barəsində hər hansı materialların, onların şərəf və ləyaqətini ləkələyən məlumatların maddi daşıyıcısı olan materialların nümayiş etdirilməsi cavabdeh tərəfə qadağan edilib. Bu qərardaddan yuxarı instansiyalara şikayət verildiyindən və həmin şikayətlərə baxıldığından iddiaya mahiyyəti üzrə baxılması müvəqqəti olaraq (məlum oldu ki, dünənə kimi) təxirə salınmışdı.
Qeyd edək ki, Xəqani Tağıyevin digər bir qərardadı ilə vurulan mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin Aqbabiakaya aid olan hissəsi baxılmamış saxlanılmışdır, yəni hazırda iddiaçı kimi yalnız Namiq Ələkbərov çıxış edir. Buna  Aqbabiaka barədə beynəlxalq axtarışın elan edilməsi səbəb olub.

Previous Post

“BAKI XƏBƏR” QƏZETİNƏ QARŞI İDDİA TƏMİN EDİLMƏDİ

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.