REDAKTORLAR BİRLİYİNİN FƏALİYYƏTİ BƏRPA EDİLDİ

sentyabr 2nd, 2011
Uzun illər fasilədən sonra bu gün (02 sentyabr) Redaktorlar Birliyinin iclası keçirilib. İclasda “Gündəm Xəbər” qəzeti ilə bağlı vəziyyət müzakirə olunub. Redaktorlar həmçinin Naxçıvanda jurnalistlərə qarşı təzyiq məsələsini, medianın etik qaydalara əməl etməsi ilə bağlı yeni layihələri, RATİ-nin Mətbuat Şurasına müraciətini müzakirə ediblər.

“Mətbuat Şurası media ilə bağlı şikayətləri araşdırmaq əvəzinə mətbuatdan şikayət etməklə məşğuldur. Bu qurumun müraciəti əsasında mən Respublika Prokurorluğunun Korrupsiyaya qarşı mübarizə İdarəsinə çağırılmışam. Vergilər Nazirliyi yanında Audit Departamentində isə vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamı ilə cinayət işi başlanıb. Mən qəzetin bütün maliyyə sənədlərini hər iki quruma təqdim etmişəm. Hansı məqaləyə görə mənə qarşı cinayət işinin qaldırıldığını isə bilmirəm”, – deyə “Gündəm  Xəbər” qəzetinin redaktoru Şirin Cəfəri qeyd edib.

Keçmiş siyasi məhbus Eynulla Fətullayev deyib ki, onun başına gələnlərin ssenarisi təkrarlanır. “Mənim həbsimdən öncə də Mətbuat Şurası Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmişdi”,  – deyə o, xatırladıb.

Redaktorlar Birliyi qərara gəlib ki, qəzetin müstəqil auditinin aparılması, əmək kollektivinin hüquqlarının müdafiəsi, jurnalistlərə maddi və hüquqi yardım edilməsi məqsədi ilə Jurnalistlərin Həmkarlar Təşkilatına müraciət edilsin.

Eyni zamanda, Mətbuat Şurası, Vergilər Nazirliyi və Respublika Prokurorluğunun hərəkətlərinin qanunvericiliyə uyğun olub-olmaması ilə bağlı arayış tərtib edilməsinin vacibliyi qeyd edilib.

“Hökuməti tərifləmək etika qaydalarına uyğun, tənqid etmək isə etikaya uyğun olmamaq kimi qəbul edilməməlidir”, –  deyə Turan Agentliyinin direktoru Mehman Əliyev qeyd edib.

RATİ direktoru Emin Hüseynov barəsində “Yeni Azərbaycan” qəzetində iyunun 17-də dərc edilmiş böhtan xarakterli məqalə ilə bağlı məlumat verib.

“Qəzetdə mənim ünvanıma təhqirə yol verilib. Mən məqalədə göstərilənlərlə bağlı ölkə başçısına və Prezident Administrasiyasının rəhbərinə müraciət etmişəm. Yazmışam ki, onlar jurnalist etikasının vacibliyini bildirir. Rəhbərlik etdikləri Partiyanın qəzetinin məqaləsinin etik qaydalara uyğun gəlib-gəlmədiyini sual etmişəm”, – deyə Emin Hüseynov qeyd edib.

Redaktorlar qəzetlərdə etik qaydalara əməl edilib-edilməməsi ilə bağlı layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Bununla yanaşı, Redaktorlar Birliyinin hər ay iki dəfə iclas keçirməsi barədə razılığa gəlinib.

RB 1990-cı illərin ortalarında təsis edilib. Onun işində müxalifət və müstəqil nəşrlərin redaktorları iştirak edirdilər. 2007-ci ildən etibarən RB-nin iclasları faktiki olaraq keçirilmirdi.

RB-nin iclasında “Turan” agentliyinin direktoru, “Azadlıq” qəzetinin, “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin, “Xural” qəzetinin, “Müxalifət”, “Təzadlar” və s. qəzetlərin redaktorları, RATİ direktoru iştirak ediblər.

RB-nin iclasları mətbuatın aktual problemlərinin müzakirəsi məqsədilə keçiriləcək digər nəşrlərin redaktorları üçün də açıqdır.