TƏHSİL NAZİRLİYİ RƏSMİSİ HİCABLA BAĞLI BƏYANATLA ÇIXIŞ EDİB

mart 11th, 2011
       Martın 11-də Bakıda etiraz aksiyaları keçirildiyi bir zamanda Təhsil Nazirliyinin Bakı şəhər İdarəsinin müdir müavini Məhəmməd Bayramov  dindarlarla bağlı bəyanat yayıb. Dəyərlər.org saytının məlumatına görə, Təhsil  Nazirliyi rəsmisi bir daha bəyan edib ki, hicablı şagirdlərin təhsil problemlərinin həlli – məhz onların etiqadlarından imtina etmələri kimi başa düşülməlidir. Təhsil İdarəsinin rəsmisi hicabın məktəblərdə  tam qadağan edilməsi üçün iş apardıqlarını da vurğulayıb.

   DEVAMM sədri Hacı İlqar İbrahimoğlu mövzu ilə bağlı dəyərlər.org  saytına verdiyi şərhində bu açıqlamanın nədən verildiyinin və nə üçün məhz bu dönəmdə verildiyinin başa düşülən olmadığını bildirib. "Təəssüflər olsun ki, təhsil rəsmiləri zaman-zaman hicab əleyhinə açıqlamalar vermiş, qıcıqlandırıcı mahiyyətli çıxışlar etmişlər. Hətta Aşura öncəsi də anti-hicab mahiyyətli bəyanatlar verilmişdir. İş o yerə çatmışdı ki, dini kəsimi təmsil edən ilahiyyatçılar ayrıca bəyanat verərək, dindarları təxribatlara getməməyə çağırmışdır. İndi də bu halın təkrarlanmasını görürük. Bunun nədən baş verdiyi söyləmək çox çətindir”-deyə İbrahimoğlu qeyd edib.

             Hacı İlqar İbrahimoğlu onu da bildirdi ki, ölkə Konstitusiyası və qanunvericiliklə dini etiqad və vicdan azadlığı, həmçinin təhsil hüququ təmin edilir. “Artıq 4 aya yaxındır ki, Təhsil Nazirliyinin rəsmiləri hicablı şagirdlərin təhsil almaq hüququnu məhdudlaşdırır, onları ya etiqada riayət etmək, ya təhsildən məhrum olmaq kimi ağrılı dilemma qarşısında qoyur”-deyə Hacı İlqar İbrahimoğlu əlavə edib.

            İbrahimoğlu onu da qeyd edib ki, DEVAMM olaraq bu tendensiyanı qətiyyətlə pisləyir, dindarların hisslərini qıcıqlandırmağa, o cümlədən, Nardaran əhalisini aqressiv adlandırmağa öz qəti etirazımızı bildiririk.