ELMAR HÜSEYNOVUN MƏZARI ZİYARƏT EDİLİB

Bu gün (02 mart) “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin 5-ci ildönümü ilə bağlı jurnalist həmkarları, müxalifət siyasi partiyalarının sədrləri, funksionerləri, vətəndaş cəmiyyətinin və diplomatik korpus nümayəndələri mərhum jurnalistin məzarını ziyarət ediblər. Ziyarətçilər Elmar Hüseynovun məzarı üzərinə qərənfillər düzərək, onun ruhuna dualar oxuyublar.

“Elmar Hüseynov Fondu”nun həmtəsisçisi Şahbaz Xuduoğlu çıxış edərək bildirdi ki, Elmar Hüseynovun qətlindən 5 il ötməsinə baxmayaraq, hələ də bu qətlin sifarişçiləri və icraçıları tapılmayıb. O, Elmar Hüseynovun xatirəsini əziz tutaraq daim yazılarında onu xatırlayanlara və bu cinayətin açılması üçün səy göstərən hər kəsə təşəkkürünü bildirdi və qeyd etdi ki, azad söz uğrunda canından keçmiş jurnalistin qatillərinin tapılacağına ümid edir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirdi ki, bu gün hamı üçün kədərli bir gündür. “5 il qabaq bugünkü gündə söz və insan azadlığına qurban  gedən Elmar Hüseynov əqidəsi uğrunda şəhid olub. Onun ölümü hakimiyyətin azad sözü susdurmaq üçün qurduğu böyük planın başlanğıcı idi” – deyən Ə.Kərimli həmin vaxtdan bəri Azərbaycanda cəsarətli jurnalistlərə qarşı təqiblər davam etdiyini və onlarla jurnalistin həbslərdən keçdiyini dilə gətirdi.
Müsavat Partiyasının sədri İsa Qəmbər çıxışında bildirdi ki, dünyada ən güclü şey sözdür. “Elmar Hüseynov də söz uğrunda həlak olub. O, öz sözü ilə proseslərə diqtə edə bilirdi deyə, onu Əliyev rejimi öldürdü” – deyən İsa Qəmbər əlavə etdi ki, Elmar Hüseynovun qanının yerdə qalmaması üçün sözün qiymətini bilmək lazımdır.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirdi ki, bəziləri Elmar Hüseynov haqqında yalan məlumatlar yayırlar və bildirirlər ki, guya o, etik normaları pozurdu. “Biz forum keçirərək həmin yazıların ictimaiyyətə təqdim edəcəyik. Qoy hamı görsün ki, o, nə yazırdı və nəyə görə öldürüldü” – deyə L.Yunus əlavə etdi.
Köşə yazarı Xaliq Bahadır çıxışında bildirdi ki, bu gün Elmar Hüseynovun məzarı üzərində ona hesabat vermək üçün heç bir iş görülməyib və nəticə əldə olunmayıb. O, xüsusilə müxalifət partiya liderlərini bu işdə birlik nümayiş etdirmədiklərini vurğuladı. “Hamı bilir ki, Elmar Hüseynovun ölümündə bu rejim günahkardır. Müxalifət birləşərək bu rejimi devirməliydi ki, indi ona “biz sənin qanını aldıq” hesabatını verə biləydi” – deyə X.Bahadır qeyd etdi.
“Yeni Nəsil” Jurnalistlər  Birliyini sədri Arif Əliyev bildirdi ki, 1995-ci il martın 1-dən 2-nə keçən gecə Rusiyada jurnalist Vladislav  Listev öldürülüb. “Bu qətldən 5 il sonra martın 2-də isə Azərbaycanda Elmar Hüseynov qətlə yetirilib. Onlardan heç birinin qatilləri tapılmayıb” – deyən A.Əliyev əlavə etdi ki, jurnalistlər gələcək təhlükəsizliklərini təmin etmək üçün keçmiş hadisələrə qiymət verməyi bacarmalıdırlar.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov çıxışında qeyd etdi ki, RATİ dəfələrlə dövlət qurumlarına müraciət edərək, cinayət işinin gedişatı və nəticələrlə maraqlansa da, hər dəfə standart cavablar verilib. “Bu gün də sorğumuza MTN-dən verilmiş cavabda bildirilir ki, cinayət faktı ilə əlaqədar həyata keçirilmiş çoxsaylı əməliyyat-istintaq hərəkətləri, eləcə də qətldə təqsirli bilinən Gürcüstan Respublikası vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin   barələrində beynəlxalq  axtarış elan edilmişdir. İstintaq-əməliyyat tədbirlərinin davam etdirilməsi barədə məlumat verilsə də, sifarişçilərin kimliyi ilə bağlı heç bir cümlə də işlədilmir” – deyən E.Hüseynov əlavə etdi ki, Elmar Hüseynovun qətlinin sifarişçisinin Azərbaycan hökuməti olmasına 99 faiz inanır. “Əgər 5 il əvvəl 90 faiz inanırdımsa, indi 99 faiz inanıram ki, hökumətin ən yüksək çinli məmurlarının, hətta dövlət başçısının da bu qətlin arxasında durması istisna olunmur. 1 faizi də təqsirsizlik prezumpsiyası olaraq nəzərə alırıq. Əgər təqsirli deyillərsə, buyurub sübut etsinlər. Dəfələrlə Elmar Hüseynova heykəl qoyulması üçün müxtəlif qurumlara, o cümlədən prezidentə etdiyimiz müraciətlər nəticəsiz qalıb. Bu isə Azərbaycan iqtidarının Elmar Hüseynova olan nifrətindən yaranır” – deyə Emin Hüseynov qeyd etdi.
Xatırladaq ki,  2005-ci ilin mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.
 
Previous Post

MTN RATİ-NİN SORĞUSUNA CAVAB VERİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.