MTN RATİ-NİN SORĞUSUNA CAVAB VERİB

Milli Təhlükəsizlik Nazirliyi (MTN) Elmar Hüseynovun qətlinin istintaqı üzrə hansı addımların atılması və son nəticələrlə bağlı Reportyorların Azadlıq və Təhlükəsizlik  İnstitutunun  ünvanladığı sorğuya cavab verib. Cavab məktubunda bildirilir:

“Sizin 19 fevral 2010-cu il tarixli S-100 saylı sorğunuza Azərbaycan Respublikası MTN-in İstintaq Baş İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki,  eyni məzmunlu 20 fevral 2008-ci il tarixli Müraciətinizə, “Monitor” jurnalının baş redaktoru Hüseynov Elmar Sabir oğlunun qətlə  yetirilməsi faktı ilə   bağlı həyata keçirilmiş çoxsaylı əməliyyat-istintaq hərəkətləri, eləcə də Gürcüstan Respublikası vətəndaşları Xubanov Tahir Bayram oğlu və Əliyev Teymuraz Adil oğlunun təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində həbs qətimkan tədbiri seçilməsi, barələrində beynəlxalq  axtarış elan edilməsi haqqında 05 mart 2008-ci il tarixdə Sizə müvafiq cavab verilmişdir.  
Təqsirləndirilən şəxslər Tahir Xubanovun və Teymuraz Əliyevin tutularaq  istintaqa təqdim edilməsi və Elmar Hüseynovun qətlə yetirilməsinə aidiyyəti ola biləcək digər şəxslərin tam dairəsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir” – MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin imzaladığı məktubda bildirilir.
Xatırladaq ki,  2005-ci ilin mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.

Previous Post

JURNALİSTLƏRİN MÜDAFİƏ KOMİTƏSİ BƏYANAT YAYIB

Next Post

ELMAR HÜSEYNOVUN MƏZARI ZİYARƏT EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.