“ELMAR HÜSEYNOVUN ADI HƏMİŞƏ AZADLIQ SİMVOLU OLARAQ QALACAQ”

Bu gün (17 iyul) Amerika Mərkəzində “Elmar Hüseynov” Fondunun təsis etdiyi “Elmar Hüseynov” mükafatının təqdimetmə mərasimi keçirilib.

İlk dəfə verilən bu mükafata apardıqları jurnalist araşdırmasına görə iki jurnalist – “Ağ ölümün qara səhifəsi” mövzusuna görə “Azadlıq” radiosunun müxbiri Babək Bəkir, “Məhbus olmuş qadınların cəmiyyətə inteqrasiyası” yazısına görə isə “Mediaforum” xəbər agentliyinin müxbiri  Aynur İmanova layiq görüldü. Qaliblərə diplom və 1000 (min) ABŞ dolları həcmində pul mükafatı verildi.
      Belə ki, mükafatın təqdimetmə mərasimi  Elmar Hüseynov haqqında “Azadlıq” radiosunun hazırladığı audio sujetin səsləndirilməsi ilə başlandı. Həmin süjet əsasən Elmar Hüseynov qətlə yetirilən gecə hadisə yerinə ilk çatan jurnalistlərin hadisə yerində diktofonlar vasitəsilə aldıqları qeydlər əsasında hazırlanmışdı. Həmin süjet zala toplaşanları bir daha 2005-ci il mart ayının 2-i gecə saat  21:00 radələrinə  – Elmarın qətlə yetirildiyi ünvana apardı.   
      Qeyd edək ki, bu gün həm də “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun doğum günüdür. Bu münasibətlə tədbir zamanı RATİ-nin E. Hüseynovun həyat və yaradıcılığı, ölümü və ondan sonrakı vəziyyətlə bağlı hazırladığı foto reportaj da nümayiş olundu.
      Daha sonra  “Elmar Hüseynov” Fondunun həmtəsisçisi, “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu həyata keçirilən layihə barədə məlumat verdi. Onun sözlərinə görə, layihə  ABŞ Dövlət Departamentinin ayırdığı 25 min ABŞ dolları həcmində qrant hesabına gerçəkləşdirilib. Layihə çərçivəsində araşdırmalar aparmaq üçün  çap mediasını təmsil edən 18 jurnalistin hər birinə 300 dollar, tele-radio jurnalistlərindən isə 3 nəfərə  hərəsinə 500 ABŞ dolları həcmində kiçik qrantlar verilib. Müsabiqəyə isə cəmi 8 nəfər iş təqdim edib və qaliblər də bu jurnalistlər  arasında seçilib.       
      Belə ki, mükafatın təqdimetmə mərasimdə redaktorlar, jurnalistlər, QHT nümayəndələri, siyasilər və beynəlxalq ictimaiyyət nümayəndələri də iştirak edirdilər. Tədbir zamanı çıxış edən ABŞ-in Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Dmitri Trakovski də E. Hüseynov haqqında danışdı: “Elmar Hüseynovun qətli bir daha göstərir ki, həqiqi jurnalist olmaq necə də təhlükəlidir. Niyə onun qatilləri hələ də tapılmayıb? Bunu aşkarlamaq çox çətindirmi? Ümid edirəm ki, Elmar Hüseynovun qatilləri tapılacaq. Çünki Elmar Hüseynovun adı həmişə azadlıq simvolu olaraq qalacaq”.
Foto:http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,87/

Previous Post

MƏHKƏMƏ AQİL XƏLİLİN İDDİASINI TƏMİN ETMƏDİ

Next Post

ELMAR HÜSEYNOV MƏZARI ZİYARƏT EDİLMƏKLƏ ANILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.