EMİN HÜSEYNOV DÖYÜLMƏSİ İLƏ ƏLAQƏDAR MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov bu gün (24 iyul) Daxili İşlər Nazirliyini, Nəsimi Rayon Polis İdarəsini və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis bölməsini məhkəməyə verib.

Media Hüquq İnstitutundan Rəşid Hacılı, Xalid Ağaliyev və Elçin Sadıqovun hazırladığı iddia ərizəsi Nəsimi rayon Məhkəməsinə təqdim olunub.

İddia ərizəsində göstərilir ki, Hüseynov iyunun 14-də "Alaturka" restoranında kubalı inqilabçı Çe Gevaranın 80 illik yubileyi ilə əlaqədar keçirilən tədbir dağıdılarkən polisin fiziki təzyiqlərinə məruz qalıb. Polis əməkdaşları tədbiri işıqlandırmaq istəyən Hüseynova qarşı təhqiredici davranışa yol veriblər. Ona həm restoranda, həm də sonradan aparıldığı 22-ci polis bölməsində fiziki təzyiqlər göstərilib, nəticədə huşunu itirən Hüseynov 20 gündən artıq müddətə müalicə alıb və müalicəsi indi də davam etməkdədir. 

Ərizədə o da qeyd edilir ki, E.Hüseynovun 22-ci Polis Bölməsi əməkdaşları tərəfindən döyülməsindən 1 ay vaxt keçsə də faktın araşdırılması ilə bağlı lazımi hüquqi addımlar atılmayıb, E.Hüseynovu döyənlərə cinayət işi açılmayıb, hadisənin istintaqı ilə bağlı heç bir bilgi verilməyib, RATİ sədri tibbi ekspert rəyi ilə belə tanış edilməyib.

Emin Hüseynova münasibətdə Azərbaycan Konstitusiyasının 49-cu (sərbəst toplaşmaq azadlığı), 47-ci (fikir və söz azadlığı), 46-cı (şərəf və ləyaqətinin müdafiəsi), 28-ci (azadlıq hüququ), 71-ci (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı) maddələrinin, "Sərbəst toplaşmaq azadlığı" Haqqında Qanunun 7-ci, 9-сu maddələrinin, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 3-cü (İşgəncələrin qadağan olunması), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 10-cu (Fikri ifadə etmək azadlığı) və 11-ci (Yığıncaqlar və birləşmək azadlığı) maddələrinin pozuntusuna yol verildiyi də ərizədə vurğulanır.

Hüseynov "Alaturka" restoranındakı dinc toplantıya imkan verilməməsini, döyülməsini, zorla polis bölməsinə aparılmasını qanunsuz hərəkət hesab edən, habelə zərərçəkmişin keçirdiyi mənəvi sarsıntılara, ağrılara görə cavabdehlərin hər birindən  50.000 (əlli min manat) AZN (cəmi 150.000 AZN) təzminatın alınmasını nəzərdə tutan qətnamənin çıxarılmasını məhkəmədən xahiş edib.

 

Previous Post

ELAN

Next Post

“MƏSULİYYƏTSİZ JURNALİSTİKANIN MÖVCUDLUĞU MEDİAYA OLAN TƏZYİQLƏRƏ BƏRAƏT QAZANDIRA BİLMƏZ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.