Üç gün əvvəl 22-ci Polis Bölməsində döyülərək xəsarət alan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov bu gün (17 iyun) Mərkəzləşdirilmiş Təcili Yardım Xəstəxanası reanimasiya şöbəsindən, xəstəxananın nevrologiya şöbəsinə köçürülüb.
. Habelə bu gün jurnalist Nəsrəddin Tusi adına Elmi Tədqiqat İnstitutunda kompyuter tamoqrafiyası edilib. Bu barədə RATİ-yə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Məlumat verib.
M. Əliyevin verdiyi məlumata görə, E. Hüseynov özünü çox pis hiss edir, hələ də qida qəbul edə bilmir.
“Media forum” saytına məlumat verən E. Hüseynovun özü isə baş ağrılarının olduğunu, yemək yeyə bilmədiyini, suyu qurtum-qurtum içə bildiyini deyib: “Baş gicəllənməsi, ürək bulanması hələ keçməyib. Bu gün reanimasiya şöbəsinin həkimi bir daha məni müayinə etdi. Yüngül beyin zədəsi aldığımdan həkimlər hələ bir həftə xəstəxanada qalmağımı məsləhət biliblər”.
E. Hüseynov bu gün səhər saatlarında qəribə bir halla qarşılaşdığını da deyib: “Səhər tezdən palataya iki ağ xalatlı şəxs daxil oldu. Onlardan biri özünü şöbə müdiri, digəri isə ağır vəziyyətdə olarkən məni qəbul edən həkim kimi təqdim etdi. Hər iki şəxs vəziyyətimin normal olduğunu söyləyərək təcili xəstəxananı tərk etməyimi tələb etdilər. Onlar bildirirdilər ki, mən heç bir zədə-filan almamışam. Həkim kimi danışmırdılar, polis kimi əmr edirdilər. Elə bu haqda da onlara dedim və onlarla söhbətdən imtina etdiyimi bildirdim. Bir qədər sonra şöbə müdiri özü palataya gəldi, ona bu barədə dedim. Cavabında bildirdi ki, sənə kimin nə dediyini bilmirəm, amma sən yüngül beyin zədəsi almısan”.
“Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovun polis tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı mətbuata verdiyi açıqlamalar həqiqətdən uzaqdır. Hətta onun müxtəlif KİV-lərdə dərc olunan fikirləri bir-biri ilə ziddiyyət təşkil edir”. Bunu isə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov «Turan»a belə deyib.
Onun sözlərinə görə, Emin Hüseynovla bağlı məsələ araşdırılıb. Ehsan Zahidov: “İyunun 14-də bir qrup insan kafedə razılaşdırılmamış tədbir keçirib. Polis icazəsiz tədbirin dayandırılmasını tələb edib. 20 nəfər şəxsiyyətinin müəyyən edilməsi və müvafiq izahat işləri aparılması üçün Nəsimi rayonunun 22-ci Polis Bölməsinə gətirilib. Müvafiq izahat işləri aparıldıqdan sonra onların hamısı buraxılıb. Bu zaman Emin Hüseynov özünü pis hiss etdiyini bildirib. Dərhal təcili yardım çağırılıb. Tibbi müayinə zamanı məlum olub ki, onun özünü pis hiss etməsi əvvəlki xəstəliyi ilə bağlıdır. Müayinə zamanı müəyyən edilib ki, E.Hüseynovun təzyiqi 190-a qalxıb və bundan huşunu itirib”, – deyə E. Zahidov bildirib.
Qeyd edək ki, iki gün bundan öncə 22-ci Polis Bölməsindən “Azadliq” radiosuna bildirmişdilər ki, ümumiyyətlə RATİ sədri özü özünə xəsarət yetirib.
Amma polisin dediklərinə baxmayaraq E. Hüseynov “Mediaforum” saytına döyüldüyünü və ona zərbə yetirən şəxsləri yaxşı xatırladığını deyib. O, bildirib ki, artıq məhkəmə-tibbi ekspertizadan keçib və Nəsimi Rayon 22-ci polis bölməsinin təhqiqatçısı Yusif Abdinov onu dindirib.
Belə ki, ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) Emin Hüseynovun iyunun 14-də Bakıda polis bölməsində döyülməsindən qəzəbləndiyini bildirib: “Biz həmkarımız Emin Hüseynova qarşı bu vəhşi hücumdan qəzəblənmişik”.
“Turan”ın məlumatına görə, JMK-nın Avropa və Orta Asiya üzrə koordinatoru Nina Oqnianova Azərbaycan hakimiyyətini bu hadisəni araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.