EMİN MİLLİ VƏ ADNAN HACIZADƏ SİFARİŞLƏ HƏBS OLUNUB

Bu gün (9 iyul) Azərbaycan Media Mərkəzində QHT rəhbərləri və hüquq müdafiəçiləri toplanaraq, vətəndaş jurnalistikası ilə məşğul olan gənclər  –  “Alumni Network” Gənclər təşkilatının koordinatoru, ANTV onlayn televiziyasının rəhbəri Emin Milli və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadənin axşam saatlarında döyülmələri və həbs olunmaları ilə bağlı müzakirə keçiriblər.

Tədbirdə bildirilib ki, Emin Milli və Adnan Hacızadə bir neçə başqa gənclərlə birlikdə yerli restoranda yemək stolu arxasında gənclər təşkilatlarının internet sahəsindəki işləri ilə bağlı ilə bağlı məsələləri müzakirə edərkən idmançı görkəmində olan iki şəxs onlara yaxınlaşıb, siyasi söhbətlərini dayandırmağı tələb etməklə yanaşı, onları təhqir ediblər. Bundan sonra onlar gənclərə hücum edib onları döyüblər. Zərərçəkən şəxs qismində polisə şikayət etmələrinə baxmayaraq, bir neçə saat sürən dindirmələrdən sonra polis zərərçəkmiş gəncləri həbs edib, onları döyən şəxsləri isə azad buraxıb.
  Hüquq müdafiəçisi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov bildirdi ki, şübhəli şəxs qismində saxlanılan hər iki gənclə görüşüb. “Hər ikisinin üz nahiyəsində ciddi xəsarətlər olmasına baxmayaraq, onların tibbi ekspertizadan keçirilməsinə şərait yaradılmayıb. ”
  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov gənclərin almasını təsdiqləyərək bildirdi ki, o, dünən Adnan Hacızadəni polis idarəsinin qarşısında burnu qırılmış vəziyyətdə görüb.
  Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı hər iki gəncin Cinayət Məcəlləsinin 221.2.1 maddəsinə əsasən xuliqanlıq cinayətində ittiham olunduğunu diqqətə çatdırdı və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də analoji təxribatla həbs olunduğunu yada saldı.
   Adnan Hacızadənin atası, politoloq Hikmət Hacızadə bildirib ki, gənclər ictimai-siyasi və vətəndaş jurnalistikasındakı  fəallıqlarına görə həbsə məruz qalıblar.
  Digər tədbir iştirakçıları da insidentin təxribat xarakterli olduğunu və həbsin siyasi sifariş olduğunu vurğulayıblar. Gənclərin vəkil tələb etmələrinə və vəkilin polis şöbəsinə gəlməsinə və işə qoşulmaq istəməsini bildirməsinə baxmayaraq, 16 saatdan çox müddətdə vəkillərin gənclərlə görüşməsinə və işə qoşulmasına imkan verilməyib. Bildirildi ki, vəkil İsaxan Aşurov Adnan Hacızadə və Elton Quliyev isə Emin Milli ilə görüşüb. Vəkillər zərərçəkmişlərin tibbi ekspertizadan keçirildiyini bildirsələr də, çıxışçılar ekspertiza rəyinin nəticəsinə şübhə ilə yanaşdıqlarını vurğulayıblar.

     Müzakirədə  iştirak edən ABŞ səfirliyinin əməkdaşı Dmitri Doroxovski çıxışında bildirib ki, onlar bu hadisədən təəssüf və  narahatlıq hissi keçirirlər.
     Almaniyanın Azərbaycandakı səfiri Pet Stankin də hadisədən narahatçılıq keçirdiklərini dedi və vurğuladı ki, Emin Milli Azərbaycanda qonaq olan Almaniya ombudsmanının tərcüməçisidir. Hər iki səfir məsələni diqqətdə saxladıqlarını və gənclərin tezliklə azad olunması üçün çalışacaqlarını dilə gətirdilər.
     Müzakirələrin sonunda Prezident İlham Əliyevə və Daxili işlər naziri Ramil Usubova gənclərin dərhal azad olunması və günahkarların cəzalandırılması ilə bağlı müraciət imzalanıb.

Foto: 

http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,283/lang,az/

 

Foto:  http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,282/lang,az/

Previous Post

VİDEOKAMERALI QƏLƏMLƏRƏ QADAĞA QOYULUB

Next Post

POLİS JURNALİSTLƏRİN PEŞƏ FƏALİYYƏTİNƏ MANE OLUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.