VİDEOKAMERALI QƏLƏMLƏRƏ QADAĞA QOYULUB

iyul 9th, 2009
Azərbaycana gizli kameralı və yaddaş tutumlu qələmlər, həmçinin gizli qulaqasma və müəyyən siqnalları olan cihazlar gətirdiyinə görə 4 Azərbaycan vətəndaşı haqqında Cinayət Məcəlləsinin 233-1.1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma) maddəsi ilə cinayət işi qaldırılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi Sadiq Gözəlov məlumat verib.

“Həmin şəxslərin idxal etdiyi məhsullar Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkar olunub və qanuniliyinin yoxlanması üçün Milli Təhlükəsizlik Nazirliyinə göndərilib. Götürülmüş əşyalar gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələr olduğu üçün, mayın 25-də Respublika Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 233-1.1-ci maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması DIN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinə həvalə edilib” – deyən S.Gözəlov “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda videokameralarla bağlı qadağa olmaması ilə bağlı sualımıza belə cavab verdi:
    ““Mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin 12 sentyabr 2005-ci il tarixli fərmanının tələblərinə müvafiq olaraq, vətəndaşlara gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələrin dövriyyəsinə xüsusi icazə verilməyib və sözügedən qələm-kameralar da həmin vasitələrə aid olduğu üçün, dövriyyəsi qadağandır.”
    DİN rəsmisi vurğuladı ki, cinayət işinin açılmasında heç  bir qanunsuzluq yoxdur, lakin istintaq getdiyindən əlavə heç bir məlumat verə bilməz.
  Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildirib ki, videokameralı  cihazların dövriyyəsinin qadağan olunması qanunda nəzərdə  tutulmayıb. “Əgər həmin cihazlardan qanun pozuntusu halına səbəb olan, yaxud cinayət tərkibli əməllərdə istifadə olunarsa, bu zaman hansısa cinayət işindən söhbət gedə bilər”.