HƏBS EDİLƏN İSLAMÇILARIN HÜQUQLARININ MÜDAFİƏSİ KOMİTƏSİ YARADILDI

“Azərbaycanda qanunun aliliyi, vətəndaşların isə hüquqları yoxdur”. Bunu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində  keçirilən mətbuat konfransında  İslam Partiyası sədrinin müavini Natiq Kərimov deyib.

    Onun sözlərinə görə, hakimiyyət öz opponentləri ilə mübarizə üçün yeni taktika tətbiq edir: “İnzibati qaydada saxlamalar, sonra cinayət ittihamının irəli sürülməsi, silah atılması. Məhz islamçılara qarşı bu cür həbslər və repressiyalar aparılır. Buna İslam Partiyasının sədri Mövsüm Səmədovun yanvarın 2-də  partiyanın Ali Məclisin iclasındakı tənqidi çıxışı səbəb olub”, – deyə qeyd edən   Kərimovun sözlərinə görə, tənqid ədalətli olub və İslam Partiyasının mövqeyini əks etdirir.

 “Qoy, bizi qorxutmasınlar, biz mübarizəni davam etdirəcəyik. Bizi aradan götürsələr, yerimizə yeni nəsil gələcək”, – deyə Kərimov vurğulayıb.

            O həmçinin şikayətlənib ki, müxtəlif bəhanələrlə İslam Partiyasının nümayəndələrinə digər yerlərdə mətbuat konfransı keçirməyə imkan verməyiblər.

             “Bakıda partiyanın yeddi üzvü inzibati həbsə məruz qalıb. İki nəfərin barəsində cinayət işi qaldırılıb: Dəyanət Səmədova Cinayət Məcəlləsinin  228-ci(qanunsuz silah saxlamaq),  İlqar Musayevə isə   221.3-cü  (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb . Gəncə şəhərində isə  10 nəfər bir neçə sutka müddətinə  həbsə məruz qalıb.  Partiya lideri Mövsüm Səmədovun barəsində isə hələlik rəsmi ittiham irəli sürülməyib.   İslam Partiyasının sədr müavini Vaqif Abdullayev 10 sutkalığa həbs olunub. Bundan sonra isə onun haqqında üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda onun harada olduğunu heç kim bilmir”, – deyə  Kərimov vurğulayıb.

             Tədbirin sonunda isə həbsdə olan islamçıların hüquqlarının müdafiəsi komitəsi yaradıldı.

 

 

Previous Post

APELLYASİYA MƏHKƏMƏSİ NEMƏT PƏNAHLININ AZADLIĞA BURAXMADI

Next Post

103.3 DALĞASINA ELAN EDİLMİŞ RADİO MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ AÇIQLANDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.