103.3 DALĞASINA ELAN EDİLMİŞ RADİO MÜSABİQƏSİNİN NƏTİCƏLƏRİ AÇIQLANDI

Milli Televiziya və Radio Şurası yanvarın 13-də  103.3 FM tezliyində yayım üzrə müsabiqənin qalibini elan edib. Bu, “Golden Prince” şirkətidir. Şirkətin radiostansiyası “Azad xəbər” adlanır, amma efirə ”Araz” adı ilə çıxacaq.

 Radiostansiya nümayəndələri yerli və xarici auditoriyanı əhatə etməyi planlaşdırır. Yeni radio sovet dövründə orta dalğalarda yayımlanan və yaxın şərqdə məşhur olan “Araz” radiostansiyasının yerini tutmağa iddia edir.

            “Golden Prince” şirkətindən başqa müsabiqədə “Obyektiv teleradio şirkət”» kiçik müəssisəsi və hüquq müdafiəçisi Rəsul Cəfərov iştirak edib. “Obyektiv”in təsisçiləri “Turan” agentliyinin direktoru Mehman Əliyev və «Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu» İctima Birliyinin rəhbəri Emin Hüseynovdur. “Obyektiv” nümayəndələri münsiflərin suallarına kifayət qədər ətraflı və arqumentlərlə cavab veriblər və heç bir sualı cavabsız qoymayıblar. Əliyev və Hüseynov bildiriblər ki, onların təmsil etdikləri qurumlar radiostansiyanın yüksək peşəkarlıqla işini təmin etmək üçün zəruri kadr potensialına və təcrübəyə malikdirlər. Amma münsiflər heyəti müstəqil Azərbaycanda informasiya sahəsində pioner olan və müstəqil KİV adını qoruyub saxlamaqda davam edən “Turan” agentliyinin dəlillərini və çoxillik təcrübəsini diqqətə almayıb.

              Nəticədə radio yayım üçün tezlik bu günə qədər KİV dairələrində tanınmayan şirkətə verilib. Maraqlıdır ki, Hüseynovun israr etməsinə baxmayaraq, “Golden Prince” şirkətinin təsisçilərinin adları açıqlanmayıb ki, bu da qanun pozuntusudur.

            Qeyd edək ki, 2009-cu ilə qədər 103.3 tezliyində BBC radiostansiyası yayımlanırdı. Lakin yanvarın 1-dən hökumət BBC-nin və eyni zamanda «Amerikanın səsi» və «Azadlıq» radiolarının yerli tezliklərdə yayımını dayandırıb.

    Hazırda Azərbayjanın FM tezliklərində 11 radio  yayımlanır və onlarda alternativ baxış və fikirlər, demək olar ki, səslənmir.

 

Previous Post

HƏBS EDİLƏN İSLAMÇILARIN HÜQUQLARININ MÜDAFİƏSİ KOMİTƏSİ YARADILDI

Next Post

JURNALİSTLƏR 4 HƏFTƏLİK TRENİNQLƏRƏ DƏVƏT EDİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.