8 JURNALİSTİN AVROPA MƏHKƏMƏSİNDƏ OLAN ŞİKAYƏTİNƏ PRİORİTET QAYDADA BAXILIR

Bir qrup jurnalistin  – Rauf Abbasov, Azər Abbasov, Etibar Ağayev, Elşad Məmmədli, Zabil Müqabiloğlu, Qənimət Zahidov, Şahvələd Çobanoğlu  və Mehman Əliyevin  12 iyun 2007-ci il tarixdə mediaya basqılara son qoyulması tələbi ilə Sabir bağında  keçirmək istədikləri piket zamanı polislərin fiziki hücumuna məruz qalması ilə  bağlı Avropa Məhkəməsinə göndərdikləri şikayət ilə əlaqədar Avropa məhkəməsi prosedurlara başlayıb. Bu barədə bu gün (05 may) Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutuna (RATİ) Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı məlumat verib.

Rəşid Hacılı bildirdi ki, artıq Avropa Məhkəməsindən Azərbaycana sorğu göndərilib və eyni zamanda bizə də müəyyən suallar göndərilib.

 “Artıq bizə göndərilən sualları cavablayıb Avropa Məhkəməsinə göndərmişik. Məhkəmədə hansısa yeni suallar çıxsa, onlar da məhkəməyə veriləcək. Bu halda da rəyimiz hökumətə göndəriləcək. O biri tərəfdən, rəy olmasa qərar veriləcək. İşə baxılması üçün konkret vaxt məsələsi qoyulmayıb. İşə prioritet qaydada baxılır, proses daha sürətli aparılacaq,”- deyə Hacılı əlavə edib.

Xatırladaq ki, bir qrup jurnalist – Rauf Arifoğlu, Azər Ayxan, Etibar Ağayev, Elşad Məmmədli, Zabil Müqabiloğlu, Qənimət Zahid, Şahvələd Çobanoğlu və Mehman Əliyev 2007-ci il iyunun 12-də Bakının Sabir bağında mediaya basqılara etiraz olaraq aksiya keçirməyə cəhd etsələr də, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının fiziki basqıları ilə üzləşiblər. Qənimət Zahid, Rauf Arifoğlu, Şahvələd Çobanoğlu, Zabil Müqabiloğlu zor tətbiq olunmaqla həbs edilib. Jurnalistlər məhkəməyə üz tutaraq polisin piketə müdaxiləsini qanunsuz hesab edən, jurnalistlərə zor tətbiq edən polis əməkdaşlarına cinayət işi başlanmasını, habelə cavabdehin hüquqları pozulan jurnalistlərə 10 min manat təzminat ödəməsini nəzərdə tutan qətnamə çıxarılmasını istəmişdilər. Səbail Rayon Məhkəməsi 2007-cı il iyulun 20-də iddianı icraata götürməkdən imtina edib. Həmin il sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi, 2008-ci il yanvarın 10-da isə Ali Məhkəmə jurnalistlərin şikayətini rədd edib. Bu qərardan da Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib

 

Previous Post

APELLYASİYA MƏHKƏMƏSİ DƏ ARİF HACILINI EV DUSTAQLIĞINA BURAXMADI

Next Post

BƏXTİYAR HACIYEVİN MƏHKƏMƏSİ MAYIN 10-DA DAVAM EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.