AVROPA MƏHKƏMƏSİNİN QƏRARI ALİ MƏHKƏMƏYƏ DAXİL OLUB

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevlə bağlı işə Azərbaycan Ali Məhkəməsində baxılacaq.

Bu barədə  APA-ya   Ali Məhkəmənin  mətbuat  katibi  Allahverdi Məmmədli məlumat verib.
Onun sözlərinə görə, artıq E. Fətullayevlə bağlı iş Ali Məhkəməyə daxil olub və prosessual qaydalar çərçivəsində həmin işə baxılacaq. O həmçinin Eynulla Fətullayevlə bağlı işə prosessual qaydalar gözlənilməklə növbədənkənar Plenumda baxılacağını da istisna etməyib.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu  (RATİ) məsələ ilə bağlı Ali Məhkəmədən münasibət öyrənmək istəsə də telefon zənglərinə cavab verilməyib.
 Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.
Onu da qeyd edək ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır

Previous Post

CAVABDEH TƏRƏF MƏHKƏMƏ PROSESİNƏ GƏTİRİLİB

Next Post

ADNAN HACIZADƏNİN APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.