ADNAN HACIZADƏNİN APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILIB

Bu gün (21 senytabr ) Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə blogger Adnan Hacızadənin vaxtından əvvəl həbsdən azad edilməsi ilə bağlı Qaradağ rayon Məhkəməsinin çıxardığı 26 iyul tarixli qərardan verdiyi apellyasiya  şikayətinə əsasən ilkin məhkəmə baxışı keçirildi.

  Prosesdə A. Hacızadə, onun vəkili İsaxan Aşurov və gənc blogçunun cəza çəkdiyi 14 saylı cəzaçəkmə  müəssisəsinin nümayəndəsi Əli Nəbiyev, dövlət ittihamçısı Səlim Süleymanov iştirak edirdilər.
  A.Hacızadənin vəkili İ. Aşurov gənc blogçunun barmaqlıq arxasından çıxarılaraq, vəkili ilə birlikdə əyləşə bilməsi üçün vəsatət qaldırdı.
 Hakim S. Mirzəyev vəsatətin müzakirəsinə növbəti prosesdə baxılacağını bildirərək, növbəti məhkəmə prosesini 15 noyabr saat 11:00-a təyin etdi.
Qeyd edək ki, Adnan Hacızadə cəzasının yarısının çəkilməsi ilə əlaqədar vaxtından əvvəl azad olunması ilə bağlı Qaradağ rayon məhkəməsinə müraciət etmiş və  onun iddiası təmin olunmamışdı.
 Xatırladaq ki, Adnan Hacızadə və digər blogger Emin Milli və 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.

 

Previous Post

AVROPA MƏHKƏMƏSİNİN QƏRARI ALİ MƏHKƏMƏYƏ DAXİL OLUB

Next Post

ACLIQ AKSİYASI KEÇİRƏN JURNALİSTLƏRİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.