
Bu barədə RATİ-yə Y.Ağazadə məlumat verdi. Onun sözlərinə görə, məhkəmə ona və Kəbirliyə dəymiş mənəvi zərərə görə 1000 avro, onların çəkdikləri məhkəmə xərclərinə görə isə 925 avro cərimənin ödənilməsi barədə qərar çıxarıb.
Y.Ağazadənin bildirdiyinə görə, 2003-cü ilin aprel ayında “Müxalifət” qəzetində “Azərbaycanda taxıl mafiyası” başlıqlı yazı dərc edilib: “Bu yazıya görə akademik Cəlal Əliyev (prezident İlham Əliyevin əmisi – red.) bizə qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırdı. Yasamal rayon Məhkəməsində işə baxan hakim Fəxrəddin Ağamirzəyev hər birimiz haqqında 5 ay müddətində azadlıqdan məhrumetmə cəzası barədə qərar verdi. Amma 2003-cü ildə Milli Məclisin verdiyi amnistiya aktının qüvvədə olması ilə əlaqədar biz məhkəmə zalından azadlığa buraxıldıq”, – deyə qeyd edən Y.Ağazadənin sözlərinə görə, bu səbəbdən də Kəbirli ilə Avropa Məhkəməsinə müraciət ediblərmiş.