EMİN MİLLİ VƏ ADNAN HACIZADƏNİN AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏTİ ÜZRƏ KOMMUNİKASİYA BAŞLAYIB

Avropa İnsan Hüquqları Məhkəməsi ilə Azərbaycan hökuməti arasında Adnan Hacızadə və Emin Millinin  (Abdullayev) işi üzrə kommunikasiya (danışıqlar)  başlayıb.

Hüquq Maarifçiliyi Cəmiyyətinin  yaydığı  məlumata görə, şikayətçilərin hüquqlarını həm ölkə məhkəmələrində, həm də Avropa İnsan Hüquqları Məhkəməsində vəkillər İsaxan Aşurov və Elton Quliyev müdafiə edirlər.

Xatırladaq ki, gənc bloggerlər – Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də "Livan" restoranında baş vermiş insidentlə əlaqədar həbs ediliblər. Gənclərin döyülməsinə baxmayaraq, onlar özləri xuliqanlıq və bədən xəsarətləri yetirmək ittihamları ilə müvafiq olaraq 2 il 6 ay  və 2 il müddətinə azadlıqdan məhrum olunmuşdular. A. Hacızadə  18 noyabr 2010-cu il tarixdə Apellyasiya Məhkəməsinin qərarı ilə, Emin Milli isə 19 noyabr Salyan rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

            Şikayətçilər 2010-cu ilin yanvar və mart aylarında Avropa Məhkəməsinə Konvensiyada nəzərdə tutulan hüquqlarının pozuntusu ilə bağlı şikayət göndəriblər. Şikayətdə Konvensiyanın aşağıdakı pozuntuları vurğulanıb:

– Konvensiyanın 3-cü maddəsinin pozuntusu – Şikayətçilər adekvat tibbi yardımla təmin edilməyiblər, qandallı vəziyyətdə, pis rəftar şəraitində saatlarla dindiriliblər.

– Konvensiyanın 5.1(c), 5.3 və 5.4-cü maddələrinin pozuntusu – Şikayətçilər əsassız olaraq cinayətdə ittiham ediliblər və saxlanılıblar, həmçinin onların barəsində qanunsuz olaraq məhkəməyəqədər həbs qətimkan tədbiri seçilib.

– Konvensiyanın 6.1 və 6.3(b), 6.3(c) və 6.3(d) maddələrinin pozuntusu – Şikayətçilər bildiriblər ki, onların işi üzrə məhkəmə araşdırması ədalətsiz olub, müdafiələrini hazırlamaq üçün kifayət qədər vaxtla və vasitələrlə təmin edilməyiblər, cinayət işi üzrə icraatın başlandığı andan istədikləri hüquqi yardımı almaq imkanından məhrum ediliblər və məhkəmə müdafiə tərəfinin təqdim etdiyi sübutları araşdırmaqdan və şahidləri dindirməkdən imtina edib.

– Konvensiyanın 6.2-cı maddəsinin pozuntusu – hüquq-mühafizə orqanlarının 11 və 14 iyul 2009-cu il tarixli bəyanatları Şikayətçilərin təqsirsizlik prezumpsiyası hüququnu pozub.

– Konvensiyanın 8-ci maddəsinin pozuntusu – məhkəməyədək olan istintaq dövründə Şikayətçilərin ailə üzvləri görüş barədə müraciətləri heç bir əsas göstərilmədən rədd edilib.

– Konvensiyanın 10-cu maddəsinin pozuntusu – Şikayətçilər hesab edirlər ki, 8 iyul 2009-cu ildə baş verən hadisə onları ictimai fəallıqlarına və dövləti tənqid etmələrinə görə cəzalandırmaq istəyən Hökümət tərəfindən qabaqcadan hazırlanmış təxribatdır.

2010-cu ilin noyabr ayını 19-da Salyan Rayon Məhkəməsi Şikayətçilərin cəzalarının çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsi barədə qərar qəbul edib.

Avropa Məhkəməsi bu iş üzrə tərəflərlə başladığı kommunikasiya çərçivəsində Azərbaycan Hökumətinə aşağıdakı sualları ünvanlayıb.

Tərəflərə verilən suallar

1. Şikayətçilər Konvensiyanın 3-cü maddəsinin tələblərinin pozulması nəticəsində qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftara məruz qalıblarmı?

2. Şikayətçilər Konvensiyanın 5.1-ci maddəsinin pozulması nəticəsində azadlıqdan məhrum ediliblərmi? Xüsusilə onların saxlanılması 5.1-ci maddəyə uyğun – qanuni və əsaslı şübhələrə əsaslanmaqla həyata keçirilibmi?

3. Şikayətçilərin qeyri-qanuni hesab etdikləri həbs qətimkan tədbiri Konvensiyanın 5.3 və 5.4-cü maddələrinin tələbləri ilə ziddiyyət təşkil edibmi?

4. Şikayətçilər cinayət törətməkdə ittiham edilərkən Konvensiyanın 6.1-ci maddəsinə uyğun olaraq qanuni şəkildə dindiriliblərmi? Tərəflərin bərabərliyi prinsipi və Şikayətçilər barəsində əsaslandırılmış məhkəmə qərarının qəbulu hüququ təmin edilibmi? Şikayətçilər Konvensiyanın 6.3(b) maddəsinin tələblərinə uyğun olaraq müdafiələrini hazırlamaq üçün adekvat vaxta və vasitələrə malik olublarmı? Şikayətçilər Konvensiyanın 6.3(c) maddəsinə uyğun olaraq öz seçimlərinə əsaslanan hüquqi yardım almaqla özlərini müdafiə edə biliblərmi? Şikayətçilərin Konvensiyanın 6.3(d) maddəsinin tələblərinə əsasən onların əleyhinə ifadə verən şahidlərini dindirmək və suallar vermək və onların xeyrinə ifadə verən şahidlərin də eyni şərtlərlə məhkəməyə dəvət edilərək dindirilməsi hüquqları təmin olunubmu?

5. Şikayətçiləriin Konvensiyanın 6.2-ci maddəsi ilə təminat verilən təqsirsizlik prezumpsiyası hüququ təmin olunubmu?

6. Həbsdə saxlandıqları zaman ailə üzvləri ilə görüşlərinə qadağalar qoyulması onların Konvensiyanın 8.1-ci maddəsinin özəl və ailə həyatının toxunulmazlığı hüququna müdaxilə təşkil edibmi? Əgər belədirsə, müdaxilə hüquqauyğun və 8.2-ci maddəyə əsasən zəruri olubmu?

7. Konvensiyanın 10.1-ci maddəsinin tələbləri daxilində Şikayətçilərin ifadə azadlığına müdaxilə olubmu?

Yuxarıdakı suallarla əlaqədar olaraq, tərəflərdən müvafiq informasiyanı sübutlarla təsdiq etmələri tələb olunur (hər iki tərəfin təqdim etdiyi istənilən rəsmi sənədlər və yaxud şahid ifadələri də daxil olmaqla):

(a) 8 iyul 2009-cu ildə baş vermiş hadisələr haqqında ətraflı məlumatı, xüsusilə də xronoloji ardıcıllıqla – restoranda baş vermiş hadisə başa çatdıqdan sonra cinayət icraatı rəsmi olaraq başlanana qədər dəqiq olaraq nə baş verib. Xüsusilə də tərəflərdən Məhkəməyə Şikayətçilərin restorandakı hadisədən sonra tutularaq polis məntəqəsinə gətirilməsi və ya könüllü olaraq müvafiq polis bölməsinə getmələri barədə, həmçinin həbs edildikdən sonra dərhal, yoxsa daha sonra həkim müayinəsindən keçirilmələri barədə məlumat vermələri tələb edilir (əgər keçiriliblərsə, tibbi yardım haqqında ərtraflı məlumat daxil olmaqla). Eyni məlumat V.M və B.H haqqında da təqdim edilməlidir.

(b) Məhkəmə icraatının prtokolunun surətini, bütün prosessual hərəkətləri və iş başlayandan aparılmış təhqiqatın mərhələlərini, həmçinin təhqiqat zamanı əldə edilmiş bütün sübutları ehtiva edən rəsmi sənədlər daxil olmaqla (xarakteristikalar, məhkəmə sübütları və s.);

(c) məhkəmə iclaslarının keçirilməsi haqqındakı sənədin surəti;

(d) Şikayətçilərin məhkəmədə verdikləri vəsatətlərin surəti;

(e) Şikayətçilər və ya onların qohumları tərəfindən verilmiş, onların hüquqlarının pozulmasını əks etdirən istənilən ərizə, şikayət və vəsatətin surəti və milli hakimiyyət orqanları tərəfindən qəbul edilmiş bütün qərarların surəti;

(f) Şikayətçilərin həbsdən vaxtından əvvəl azad olunmaları haqqında qərarların surəti.

Previous Post

HƏBSDƏ OLAN HÜQUQ MÜDAFİƏÇİSİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLİB

Next Post

HÜQUQ MÜDAFİƏÇİSİNİN GÖMRÜK KOMİTƏSİNƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ START GÖTÜRDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.