AVROPA YAYIM BİRLİYİ AZƏRBAYCANLA BAĞLI ARAŞDIRMAYA BAŞLAYIB

“Eurovision-2009” müsabiqəsi zamanı Ermənistandan olan ifaçıya səs verən şəxslərin Milli Təhlükəsizlik Nazirliyinə çağırılması ilə bağlı Avropa Yayım Birliyi tədqiqata başlayıb.

Bu barədə Avropa Yayım Birliyinin «Eurovision» mahnı müsabiqəsi bölməsinin rəhbəri Svante Stockselius “Azadlıq” radiosuna müsahibəsində bildirib: “Müsabiqənin təşkilatçıları kimi biz mediada bu məsələ ilə bağlı yer alan ittihamlar və şayiələrdən xəbərimiz var. Keçən həftə biz tədqiqata başladıq. Bu araşdırmada bizim texniki tərəfdaşımız da iştirak edəcək. Hadisənin texniki tərəfini araşdırmaqla yanaşı Azərbaycandan olan tərəfdaşımıza imkan verməliyik ki, məsələyə aydınlıq gətirsin. Amma araşdırma başa çatmamış biz məsələni şərh etməyəcəyik” – deyən Svante Stockselius vurğulayıb ki, araşdırmanın nəticələrinə görə qaydaları pozan tərəf cərimə oluna və ya 3 illiyinə müsabiqədə iştirak hüququndan mərhum edilə bilər.
Xatırladaq ki, Rövşən Nəsirli adlı Azərbaycan vətəndaşı may ayında keçirilən  “Eurovision 2009” mahnı müsabiqəsində Ermənistandan olan iştirakçılara səs göndərdiyi üçün avqustun 12-də onu Milli Təhlükəsizlik Nazirliyinin Nəsimi rayon şöbəsinə çağırılması barədə mətbuata məlumat vermişdi. Həmçinin politoloq Ərəstun Oruclunun 17 yaşlı oğlu da eyni səbəblə avqustun 6-da telefon vasitəsilə MTN-in Nəsimi rayon şöbəsinə çağırılmış, lakin rəsmi çağırış gəlmədiyinə görə, politoloq oğluna şöbəyə getməyə icazə verməmişdi.

Previous Post

HƏMMƏRUZƏÇİLƏR BAŞ REDAKTORUN ÖLÜMÜ İLƏ BAĞLI BƏYANAT VERİB

Next Post

BRİTANİYA SƏFİRLİYİ “İNSAN HAQLARI KONVENSİYASININ HƏYATA KEÇİRİLMƏSİ” KURSU ÜÇÜN MÜSABİQƏ ELAN EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.