Hətta Beynəlxalq qadınlar günündə Azərbaycan hakimiyyəti zorakılıqdan əl çəkməyəcəyini hər kəsə göstərmək istəyir

mart 9th, 2019


Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu Azərbaycan hakimiyyətini jurnalistlərə, həmçinin qadınlara qarşı məişət zorakılığına etiraz aksiyasının iştirakçılarına qarşı bugünki polis zorakılığını pisləyir, KİV əməkdaşları və dinc aksiyanın iştirakçılarına qarşı kobud güc tətbiqinə yol vermiş hüquq-mühafizə orqanları əməkdaşlarını və təxribatçıları cəzalandırmağa çağırır.

Bərabərlik uğrunda mübarizə aparan qadınların təşkil etdiyi və Beynəlxalq qadınlar gününə həsr edilmiş bugünki etraz aksiyası zamanı polis və bir qrup təxribatçı aksiya iştirakçılarının əlindən plakatları alıb, onları təhqir edib və kobud şəkildə fiziki güc tətbiq ediblər.
Aksiyanı işıqlandıran jurnalistləri də qanunsuz şəkildə hadisən yerindən uzaqlaşdırmağa çalışıblar.

KİV nümayəndələrinə qarşı qanunsuz güc tətbiqi nəticəsində 8 qadın-jurnalist bədən xəsarəti alıb, onlardan bəzilərinin aksiyanı işıqlandırdığı texnikası sındırılıb.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu hakimiyyəti ölkədə sərbəst toplaşmaq və ifadə azadlığını təmin etməyə, jurnalistlərin təhlükəsiz və maneəsiz fəaliyyətini təmin etməyə çağırır.

RATİ hakimiyyəti bütün vicdan məhbuslarını, o cümlədən hakimiyyətin tanınmış tənqidçisi, yeganə qadın-vicdan məhbusu Gözəl Bayramlını azad etməyə, vətəndaş cəmiyyətinin və siyasi müxalifətin sərbəst fəaiyyəti üçün bütün qanunverici əngəlləri aradan qaldırmağa, jurnalistlərə qarşı bütün cinayətləri araşdırmağa, bütün tənqidi səslərin təhlükəsizliyini təmin etməyə çağırır.

RATİ beynəlxalq ictimaiyyəti Azərbaycanda fundamental insan haqlarını pozanlara qarşı ciddi sanksiya tətbiqi barədə düşünməyə, həmçinin Aİ-ı strateji tərəfdaşlıq barədə müqavilənin hazırlığına dair danışıqlar prosesini dayandırmağa çağırır.