İCRA BAŞÇISI VƏTƏNDAŞI YAZDIĞI ƏRİZƏSİNƏ GÖRƏ MƏHKƏMƏYƏ VERİB

oktyabr 1st, 2010
Bu gün ( 01 oktyabr ) Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun  sədrliyi ilə Yasamal rayon icra hakimiyyəti başçısı İbrahim Mehdiyevin vətəndaş Yaqub Muradzadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə xüsusi ittihamçının nümayəndəsi  Azər Tağıyev, vəkili Zaur Niftəliyev və təqsirləndirilən şəxs Yaqub Muradzadə, onun nümayəndəsi Əlibaba Rzayev iştirak edirdilər.
Cavabdehin vəkili Əlibaba Rzayev xüsusi ittihamçının özünün məhkəməyə dəvət edilməsi, Respublika Prokurorluğuna  xüsusi ittihamçı barəsində sorğu göndərilməsi barədə vəsatət qaldırdı.
Xüsusi ittihamçıların nümayəndələri vəsatətə etiraz etdilər və cavabdehin özünün məhkumluğunun olub-olmamağı barədə Daxili İşlər Nazirliyinə (DİN) sorğu göndərilməsi barədə vəsatət qaldırdılar.
Hakim Elçin Qurbanov ittihamçı barəsində onun təqsirliliyini bildirən sənədin olmamağını əsas gətirərək,  cavabdehin vəsatətinin qəbul edilmədiyini, iddiaçının nümayəndəsinin Yaqub Muradzadə barəsində DİN-ə sorğu göndərilməsi barədə vəsatətinin  isə təmin edildiyini bildirdi. Növbəti məhkəmə prosesi 15 oktyabr saat 14:30-a təyin edildi.
Xatırladaq ki, Mehdiyev Yaqub Muradzadənin onun barəsində  müxtəlif dövlət qurumlarına  şikayət məktubları yazaraq,  məktublarda onu təhqir etdiyini və böhtana məruz qoyduğunu iddia edərək  Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib.
Qeyd edək ki, Yaqub Muradzadə 2004-2006-cı  ildə nəşr olunan və hazırda fəaliyyət göstərməyən “Yeni Qəzet”in redaktoru olduğunu bildirir.