HƏYAT YOLDAŞI ELMAR HÜSEYNOVA VERİLƏN MÜKAFATIN PUL HİSSƏSİNİ HƏBSDƏKİ JURNALİSTLƏRƏ BAĞIŞLADI

oktyabr 1st, 2010
“Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru, mərhum jurnalist Elmar Hüseynovun həyat yoldaşı Rüşaniyyə Hüseynova E.Hüseynovun layiq görüldüyü “İfadə azadlığı” mükafatının pul hissəsinin (800 AZN)Azərbaycanda hal-hazırda da həbsdə saxlanılan jurnalistlərin ailələrinə verilməsini xahiş edib. Bu barədə oktyabrın 1-də “Yeni Müsavat” qəzeti  məlumat yayıb.

Bu günlərdə Bakıda keçirilən “Söz və ifadə azadlığına ictimai  dəstək” forumuna  “Freedom House”, “Article 19”, “Sərhədsiz Reportyorlar”, Media Müxtəlifliyi İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası və başqa beynəlxalq təşkilatların təmsilçilərinin qatılması və  forumda iştirakçıların qərarı ilə Elmar Hüseynovun  “İfadə azadlığı” mükafatına layiq görülməsi  qəzetdə qeyd olunub.

Qeyd edək ki, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondunun təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu və Demokratik Jurnalistlər Liqasıdır.

Xatırladaq ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin mart ayının 2-də axşam saat 20 radələrində yaşadığı mənzilin qarşısında odlu silahla (7 güllə) qətlə yetirilmişdir. Ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.