EYNULLA FƏTULLAYEVİN MƏHKƏMƏ PROSESİNDƏ EKSPERTLƏR DİNDİRİLİB

Bu gün (26 may) Qaradağ Rayon Məhkəməsində hakim İsmayıl Xəlilovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və  “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E. Fətullayevin vəkili İsaxan Aşurov Azərbaycandan kənarda ekspertiza keçirilməsi ilə bağlı vəsatət verdi.
Eynulla Fətullayev ekspertizanın keçirilməsi zamanı saxtakarlığa yol verildiyini, gödəkçəsindən narkotik maddə  çıxarılarkən cırılmış hissənin Qaradağ Rayon Polis İdarəsində yenidən tikilərək ekspertizaya təqdim edildiyini dedi. O həmçinin qeyd etdi ki, gödəkçəsindən tapılmış narkotik maddə bükülü halında olmasına baxmayaraq, ekspertiza rəyində göstərilib ki, gödəkçədə narkotik maddənin izləri aşkar olunub. E.Fətullayev onu da vurğuladı ki, ekspertlərdən biri olan Faiq İskəndərov vaxtilə “Azadlıq” qəzetinin satirik yazarı Mirzə Sakitlə bağlı analoji rəy verib.
Dövlət ittihamçısı Elçin Quliyev isə gödəkçənin yenidən tikilməsini araşdırmaq üçün Qaradağ RPİ-nin müstəntiqi Arif Zahidovun məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırdı.
Daha sonra proses ekspertlər – Qalib Həsənov, Mətanət Axundova, Tatyana Skobliyeva və Faiq Həsənoovun dindirilməsi ilə davam etdirildi.
Növbəti proses 2 iyun saat 11:00-da ekspert Ofeliya Zərbəliyeva və müstəntiq Arif Zahidovun dindirilməsi ilə davam etdiriləcək.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.
Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.
Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.
2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

“XURAL” QƏZETİNİN BAŞ REDAKTORUNUN İŞ OTAĞINDA SƏSDİNLƏMƏ QURĞUSU AŞKAR EDİLİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.