“XURAL” QƏZETİNİN BAŞ REDAKTORUNUN İŞ OTAĞINDA SƏSDİNLƏMƏ QURĞUSU AŞKAR EDİLİB

Bu gün (26 may) “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı rəhbərlik etdiyi qəzetin redaksiyasında səsdinləmə qurğusunun aşkar olunması barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Qaynar Xəttinə məlumat verib.

Dərhal redaksiyaya gedən RATİ-nin operativ qrupu Əvəz Zeynallının iş masasının üzərində sökülmüş vəziyyətdə olan stolüstü elektron saatın içərisində mobil telefon hissələrinin olduğunun şahidi olublar. Əvəz Zeynallı bildirib ki, bu saatı təxminən 2 ay əvvəl ona “Bizim Gündəm” qəzetinin baş redaktoru, “Ümid” partiyasının sədr müavini Məhəmməd Ərsoy hədiyyə edib. “Bu gün saatın içərisində səsdinləmə qurğusunun olmasından şübhələnərək, redaksiya əməkdaşları ilə birlikdə onu sökdük. Saatın içində mobil telefon hissələrinin kustar üsulla bir-birinə bənd edildiyinin şahidi olduq” – deyən Əvəz Zeynallı əlavə etdi ki, bunun səsdinləmə cihazı olması şübhə yaratdığından, dərhal Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə məlumat veriblər. Sadiq Gözəlov bildirib ki, Daxili İşlər naziri fəlakət bölgəsində – Sabirabad rayonunda olsa da, ona hadisə ilə bağlı məlumat verilib və nazir məsələni nəzarətə götürüb.
Daha sonra redaksiyaya gələn Məhəmməd Ərsoy saatın içərisində hər hansı başqa təyinatlı cihazın olmasından xəbərdar olmadığını və bu saatı ona bir tanışının  hədiyyə etdiyini deyib. “Mən də həmin saatı Əvəz Zeynallıya hədiyyə etmişəm” – deyə Məhəmməd Ərsoy bildirib.
Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.

Previous Post

“TƏZADLAR” QƏZETİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLDİ

Next Post

EYNULLA FƏTULLAYEVİN MƏHKƏMƏ PROSESİNDƏ EKSPERTLƏR DİNDİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.