Hilal Məmmədovun məhkəməsində ekspert dindirilib

Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə “Tolışı sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə növbəti qapalı   məhkəmə iclası keçirilib. Prosesdən sonra RATİ-yə müsahibə verən baş redaktorun vəkili Anar Qasımlı bu gün olan prosesdə ilk olaraq linqvistik ekspertiza rəyi vermiş ekspert Almaz Rəhimovanın dindirildiyini bildirdi.

“Müdafiə tərəfi ekspertə suallarını verməyə başladı. Əksər sualları hakim çıxardı və onları verməyə imkan vermədi. O, rəy verib ki,  jurnalistin səsləndirdiyi fikirlər dövlət hakimiyyəti əleyhinə və milli ədavət salan fikirlərdir. Təsəvvür edin ki, ekspert dövlət hakimiyyəti nə deməkdir sualına cavab verə bilmədi. Hakimin qərəzliliyi də açıq aydın görünürdü, o sualları çıxarır və onları ekspertə verməyə qoymurdu. Demək olar ki, bugünkü məhkəmə prosesində hakimlər iştirak etmirdilər, onlar hakim mantiyasında olsalar da, faktiki olaraq, prokuror funksiyasını yerinə yetirirdilər”, -deyə Qasımlı qeyd edib.

Baş redaktorun digər vəkili Ramiz Məmmədov məhkəmə kompüter texnikası rəyini verən Məmməd Ramazanovun da dindirildiyini dedi.

“Hilal Məmmədova aid olan məlumatların tədqiqatları aparıldı, müəyyən nəticələrə gəlindi. Eyni zamanda texniki ekspertizanın rəyi ilə bağlı istintaq zamanı əldə edilən H. Məmmədova aid edilmiş fləşkarta müdaxilə olunub-olunmaması ilə bağlı məsələlərə aydınlıq gətirdik. Digər 3-cü ekspert isə bugünkü prosesdə iştirak etmirdi” –deyə bildirən vəkil növbəti prosesin 24 aprel saat 10:30-a təyin edildiyini bildirdi.

Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

Previous Post

Azadlıq qəzetinin bank hesabına həbs qoyuldu

Next Post

ANS KİV-lərə qarşı iddiasını geri götürüb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.