Oktyabrın 10-da hesabatın təqdimatında RATİ sədri Emin Hüseynov bildirib ki, hesabat noyabrın 6-9-da Bakıda keçiriləcək İnternet İdarəçiliyi Forumu ilə əlaqədar hazırlanıb. Forum çərçivəsində noyabrın 5-də “On-line ifadə təşəbbüsü” kampaniyası ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç, BMT-nin fikir və ifadə azadlığı üzrə xüsusi məruzəçisi Frank La Rue və digər beynəlxalq ekspertlərin iştirakı ilə konfrans keçirəcək.
Bugünkü müzakirələr zamanı vətəndaş cəmiyyəti fəallarının və ekspertlərin söylədikləri irad və təkliflər sənədin son redaksiyasında nəzərə alınacaq. Sənəddə Azərbaycanda İnternet problemləri kompleks şəkildə araşdırılır. Bura qanunverici baza, texniki vəziyyət, ifadə azadlığının vəziyyəti və digər məsələlər daxildir.
Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı İnternetdə hüquqi məsələləri araşdırıb. Onun sözlərinə görə, İnternetin məzmununu tənzimləyən xüsusi qanunlar yoxdur. Bu məsələlər KİV, terrorizmə, kibercinayətkarlığa, uşaq pornoqrafiyasına qarşı mübarizə haqqında qanunlarla tənzimlənir. Diffamasiya məsələsi of-line mediada olduğu kimi tənzimlənir. Bununla yanaşı qanunvericilikdə provayderlərin məsuliyyəti ilə bağlı boşluqlar var, saytların bloklanması və filtrasiyası mexanizmlərində aydınlıq yoxdur. Nəticədə provayderlər inzibati göstərişlər və məhkəmə qərarı olmadan sayta girişi məhdudlaşdıra və digər məhdudlaşdırıcı tədbirlər tətbiq edə bilər. O, digər problem kimi rabitə müəssisələrinin (mülkiyyət formasından asılı olmayaraq) öz avadanlıqlarının texniki xarakteristikasını MTN ilə razılaşdırmasının vacibliyi barədə normativ qaydaların olmasını göstərib. Bundan əlavə, MTN rabitə müəssisələrində xüsusi otaqlarda öz avadanlıqlarını quraşdıra, oradan istifadəçini dinləyə, izləyə bilər və müəssisə rəhbərliyinə bununla bağlı heç bir bilgi verməyə bilər.
Hesabatın müəlliflərindən biri Bəxtiyar Hacıyev diqqəti elektron hökumətin ləng tətbiqinə, “az” domeninin alınması ilə bağlı problemlərə yönəldib.
Sənədin üzərində işə beynəlxalq ekspertlər də cəlb edilib.
Article 19-dan Rebekki Vinsent bildirib ki, Azərbaycan ifadə azadlığına zəmanət verilməsi sahəsində beynəlxalq sazişlərin iştirakçısı kimi İnternetdə bu azadlığı təmin etməlidir və bundan ötrü texniki imkanlar var. Lakin İnternetdə tənqidi fikirlərin söylənməsinə görə vətəndaşların təqib olunması faktları var. Odur ki, hesabatda bu cür faktların qarşısının alınmasına dair tövsiyələr əksini tapıb.
İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov hesabatda azadxeber.org saytının redaktoru Nicat Əliyevin, “Xəyal”TV-nin əməkdaşları Vüqar Qonaqovla Zaur Quliyevin, xuliqanlıq və polisə müqavimət göstərmə maddələrlə 4 il müddətinə həbs edilən hüquq müdafiəçisi Taleh Xasmmədovun, kütləvi iğtişaşlara çağırışda ittiham olunaraq 4,5 il müddətinə azadlıqdan məhrum edilən Fərəməz Allahverdiyevin azadlığa buraxılmasına dair tələblər irəli sürüldüyünü deyib.
Müzakirələrə yekun vuran İMS-in regional meneceri Gülnarə Axundova deyib ki, hesabatda Azərbaycanda İnternet azadlığının və keyfiyyətin təminatına dair tövsiyələr irəli sürülüb. Belə addımlardan biri vətəndaş cəmiyyəti nümayəndələrinin və ekspertlərin iştirakı ilə informasiya-kommunikasiya texnologiyaları üzrə müstəqil qurumun yaradılması ola bilər.