EYNULLA FƏTULLAYEV HƏYATININ TƏHLÜKƏDƏ OLMASI İLƏ BAĞLI MÜRACİƏT EDİB

mart 2nd, 2010
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev Daxili İşlər Nazirliyi, Penitensiar Xidmət rəhbərliyinə, “Amnesty İnternational”, “Sərhədsiz Reportyorlar” təşkilatına və Jurnalistləri Müdafiə Komitəsinə müraciət ünvanlayıb.

“Turan” İnformasiya agentliyinin yaydığı məlumata görə baş redaktor həyatı üçün yaranmış ciddi təhlükədən narahatlığını ifadə edib. Belə ki, E. Fətullayev “heroin əməliyyatı”nın hakimiyyətdə qərar tutmuş mütəşəkkil cinayətkar dəstənin ona qarşı hazırlanan sui-qəsd planının ilk mərhələsi olduğunu bildirib. O qeyd edib ki, cinayətkar dəstə bu işdə vaxtilə Rəna Nəsibovaya qarşı keçirilmiş qəsdin texnologiyasından yararlanmaq niyyətindədir: “Hacı Məmmədovun cinayətkar dəstəsinin cinayətlərinin araşdırılması ilə məşğul olan Rəna Nəsibovanın zorakılıqla boğulması faktını inkar edərək, onun guya qəbul etdiyi narkotik maddələrinin təsirindən zəhərləndiyi iddia edilirdi”. E. Fətullayev guya çox təhlükəli narkotik maddələrdən istifadə etməsi ilə bağlı verilən açıqlama ilə sonrakı addım üçün zəmin hazırlandığını vurğulayıb.
E. Fətullayev Bakı İstintaq təcridxanasında başqa dustaqlardan fərqli olaraq təhlükəsizliyimin yüksək səviyyədə təmin edilməsinin də real təhlükədən xəbər verdiyini bildirib. Saxlandığı kameramın qarşısına bir zabitdən savayı heç kəsin buraxılmadığını, nəzarətçilərə kameraya yaxınlaşmağın yasaq olunduğunu qeyd edən baş redaktor "heroin əməliyyatı”nın davamı olaraq növbəti təxribatın gözlənildiyini bildirib.
Əlavə edək ki, 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1(Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.