EYNULLA FƏTULLAYEV SON SÖZLƏ ÇIXIŞ ETDİ

Bu gün (02 iyul) Qaradağ Rayon Məhkəməsində hakim İsmayıl Xəlilovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Prosesdə Eynulla Fətullayev son sözlə çıxış edib. O, çıxışında Azərbaycan hakimiyyətinin onu azad etmək istəmədiyini,  ona qarşı qaldırılmış cinayət işini özünə qarşı hazırlanmış növbəti təxribat olduğunu və hələ bundan sonra da bu cür təxribatlar gözlədiyini bildirib. Fətullayev bu təxribatın Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən hazırlandığını da vurğulayıb: “Cəzaçəkmə müəssisəsində bəzi zabitlər bizə işləyirlər. Onlar mənim üzərimdə axtarış aparılan gündən bir neçə gün əvvəl müəssisəyə MTN əməkdaşlarının gəlməsini demişdilər”.  

 

”Hakimiyyət çox gözəl bilir ki, mən azadlığa çıxdıqdan sonra jurnalist fəaliyyətimi davam etdirəcəyəm və bundan qorxurlar. Qorxmursunuzsa, məni azad edin” – deyən baş redaktor məhkəmənin onun təqsirsizliyini sübut edən bir sıra sübutları nəzərə almayacağını vurğulayıb.

Hökmün oxunacağı proses iyulun 6-ı saat 11.00-a təyin edilib.

 

Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.

 

Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.

 

2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

 

29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.

 

Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

 

Previous Post

XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİAYA SƏBƏB OLMUŞ MÜSAHİBƏ EKSPERTİZAYA GÖNDƏRİLDİ

Next Post

EYNULLA FƏTULLAYEV BARƏSİNDƏ HÖKM İYULUN 6-DA ELAN OLUNACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.