XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİAYA SƏBƏB OLMUŞ MÜSAHİBƏ EKSPERTİZAYA GÖNDƏRİLDİ

Bu gün (02 iyul) Nərimanov rayon məhkəməsində hakim Rasim Kazımovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı xüsusi ittiham qaydasında iddiasına əsasən məhkəmə prosesi keçirilib.

Prosesdə xüsusi ittihamçının nümayəndələri Vaqif Hüseyn və Məzahir İsrafilov, cavabdeh tərəfdən isə baş redaktor Əvəz Zeynallı iştirak edirdilər.

 

Xüsusi ittihamçının nümayəndəsi M.İsrafilovun “Yeni Müsavat” qəzetinin iki əməkdaşının şahid qismində dindirilməsi ilə bağlı vəsatətini hakim təmin etmədi. Daha sonra M.İsrafilov çıxışında bildirdi ki, Əvəz Zeynallı iddiaya səbəb olmuş müsahibədə “Rauf Arifoğlunun etdiyi mətbu şərəfsizlikdir”, “Bu mətbu alçaqlığı mətbuata Rauf Arifoğlu gətirib” və s. bu kimi sözlər işlətməklə Rauf Arifoğlunu təhqir edib.

 

Əvəz Zeynallı isə bildirdi ki, o, Rauf Arifoğluya “şərəfsiz” deməyib. “Mənim işlətdiyim “mətbu şərəfsiz” ifadəsi onun şəxsinə yox, peşə fəaliyyətinə aiddir” – deyə Əvəz Zeynallı vurğuladı. Daha sonra Əvəz Zeynallı iddiaya səbəb olbuş məqalədə təhqir elementlərinin olub-olmamasının dəqiqləşdirilməsi üçün məqalənin linqvistik ekspertizaya göndərilməsi barədə vəsatət qaldırdı. Hakim vəsatəti təmin etdiyini deyərək, məhkəmə baxışının ekspertizanın rəyi verilənədək təxirə salındığını bildirdi.

 

Xatırladaq ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının “Millətim” qəzetinin 3 iyun tarixli sayında verdiyi müsahibədə şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edib. O, cavabdehin Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) və 148-ci (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasının istəyib.

 

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur. “Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.

 

Previous Post

ELMİN BƏDƏLOVUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

EYNULLA FƏTULLAYEV SON SÖZLƏ ÇIXIŞ ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.