EYNULLA FƏTULLAYEV APELLYASİYA ŞİKAYƏTİ VERİB

Qaradağ rayon Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin həbsdə olan və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan baş redaktoru Eynulla Fətullayevin saxlanma müddətinin uzadılmasına dair 25 fevral tarixli qərarından apellyasiya şikayəti verilib. Eynulla Fətullayev qərarın ləğv edilməsi üçün apellyasiya şikayəti verib.

Jurnalistin vəkillərindən biri – Elçin Sadıqov “Azadlıq” radiosuna bildirib ki, apellyasiya şikayəti martın 1-də Qaradağ rayon Məhkəməsinə təqdim edilib. Qaradağ rayon Məhkəməsi qanuna müvafiq olaraq təqsirləndirilənin şikayətini növbəti iki gün ərzində Bakı Apellyasiya Məhkəməsinə göndərməlidir.

Eynulla Fətullayev apellyasiya şikayətində hazırda heroin saxlamaqda ittiham olunmasını özünə qarşı hakimiyyətin repressiv planlarının tərkib hissəsi kimi qiymətləndirib. O, şikayətində göstərib ki, jurnalist fəaliyyətinə görə 3 il əvvəl saxta ittihamlarla 8 il 6 ay müddətinə məhkum edilib. 12 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkdiyi müddətdə yenidən təxribatın qurbanı olub. Barəsində üstündən heroin tapılması ilə bağlı qurama və sifarişli ittiham irəli sürülüb.

O, şikayət ərizəsində qeyd edib ki, Penitensiar Xidmətin rəhbərliyi yaxınları vasitəsilə prezidentə əfv haqqında ərizə yazmaq təklifi ilə müraciət etdilər. “Şərt kimi öz səhvlərini etiraf etməklə, İlham Əliyevi və Mehriban Əliyevanı tənqid etməyəcəyimə təminat verməli və ya ölkəni tərk etməyə zəmanət verməliyəm” – deyən E.Fətullayev rədd cavabı verdiyini bildirir. O, bundan iki həftə sonra oxşar təkliflər başqa yuxarı vəzifəli şəxslər tərəfindən səslənsə də, hamısına rədd cavabı verdiyini vurğulayır. Bütün bunlardan sonra isə özünə qarşı təxribatların başladığını qeyd edən Eynulla Fətullayev ölkədə son illər ərzində baş verənlər haqda qələmə aldığı kitabın əlyazmasının Penitensiar Xidmətin rəhbərliyi tərəfindən ondan alındığını da bildirir. Narkotik ittihamının da təxribat olduğunu və belə bir təxribatın ola biləcəyini də cəzaçəkmə müəssisəsində olarkən bildiyini əlavə edən Fətullayev dekabr ayının ortalarında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları A.Çovdarov, D.Allahverdiyevi cəzaçəkmə müəssisəsində olduğunu görüb.

Eynulla Fətullayev həbsdən yazdığı apelyasiya şikayətində bildirir ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən Teymuraz Əliyev və Tahir Xubanovla Tbilisidə görüşündən sonra araşdırmaları davam etdirib və Elmar Hüseynovun qətlinin elə MTN-in zabitinə dayandığını aşkar edib:

“Qətlin təşkilatçılarının izlərini aşkar edib, bütün şübhələrin bir şəxsin – MTN zabiti Akif Çovdarovun ətrafında dolaşdığı qənaətinə gəldim” – deyən Eynulla Fətullayev vurğulayır ki, onu Elmar Hüseynovun qətli ilə bağlı araşdırmalara görə həbs ediblər.

Qeyd edək ki, “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin 2008-ci ildə “Zeytun bağları”nda döyülməsində də  əslən Gürcüstandan olan MTN zabiti Akif Çovdarovun adı hallanırdı.

Milli Təhlükəsizlik Nazirliyinin rəsmisi Arif Babayev isə “Azadlıq” radiosuna bildirib ki, Eynulla Fətullayevin bütün iddiaları tamamilə əsassızdır və o, bütün bunları şərh etmək istəmir.

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov da  E.Fətullayevin şikayət ərizəsinə yazdığı bütün faktları inkar edib və həqiqətə uyğun olmadığını bildirib.

Qeyd edək ki, həyatının təhlükədə olması ilə bağlı Eynulla Fətullayevin bir neçə gün öncə beynəlxalq təşkilatlara və dövlət qurumlarına etdiyi müraciət də Penitensiar Xidmətin mətbuat xidməti tərəfindən təkzib edilir və jurnalistin təhlükəsizliyinin təmin edildiyi vurğulanır.

Əlavə edək ki, 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

     Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.

     Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

BLOGGERLƏRİN VƏKİLLƏRİNİN HAKİM TƏRKİBİNƏ ETİRAZI QƏBUL OLUNMAYIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.