BLOGGERLƏRİN VƏKİLLƏRİNİN HAKİM TƏRKİBİNƏ ETİRAZI QƏBUL OLUNMAYIB

Bu gün (3 mart) Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə gənc bloqçular Emin Milli (Abdullayev)  və Adnan Hacızadənin vəkilləri İsaxan Aşurov və Elton Quliyevin Səbail rayon məhkəməsinin 11 noyabr 2009-cu il tarixli qərarından verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Hakim ötən prosesdə vəkil İsaxan Aşurovun  məhkəmənin tərkibinə verdiyi etirazın məhkəmə sədri tərəfindən təmin edilmədiyini və prosesin əvvəlki tərkibdə davam etdiriləcəyini bildirdi.Elton Quliyev dəlillərin təqdimi ilə məhkəmə çıxışlarının birləşdirilməsi və çıxışlara hazırlaşmaq üçün vaxt verilməsi ilə bağlı vəsatət qaldırdı.
Qeyd edək ki, ötən məhkəmə proseslərində foto və videoçəkilişə icazə verilsə də, RATİ tərəfindən yazılı müraciət edilməsinə baxmayaraq, bu prosesdə hakim çəkiliş aparmağa icazə verməyib.
Hakim vəsatəti təmin edərək növbəti prosesi 10 mart saat 11:00-a təyin etdi.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.

 
Previous Post

İCTİMAİ BİRLİK ƏDLİYYƏ NAZİRLİYİNİ MƏHKƏMƏYƏ VERİB

Next Post

EYNULLA FƏTULLAYEV APELLYASİYA ŞİKAYƏTİ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.