EYNULLA FƏTULLAYEV «AMNESTY INTERNATIONAL» TƏRƏFİNDƏN MÜKAFATLANDIRILDI

iyun 3rd, 2009
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə “Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatı tərəfindən təhlükədə olan jurnalist kimi mükafat verilib.

Bu barədə “BBC” radiosunun yaydığı məlumatda bildirilir ki, Londonda keçirilən mərasimdə insan haqları qrupu Azərbaycanı jurnalisti azad etməyə və ölkədə söz azadlığını boğmaya son qoymağa çağırıb.
“Amnesty International”ın Britaniya üzrə direktoru Keyt Allen Eynulla Fətullayev kimi insanların sadəcə peşəkar fəaliyyətlərinə və söz azadlığını qoruduqlarına görə daim müqavimətlə rastlaşdıqlarını və təhlükə altında olduqlarını vurğulayıb.
Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq  2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.