EYNULLA FƏTULLAYEV SƏBAİL RAYON MƏHKƏMƏSİNDƏ 8 SAAT AC-SUSUZ VƏ AYAQ ÜSTƏ SAXLANILIB

Bu gün (07 oktyabr) Səbail rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə məhbus jurnalist Eynulla Fətullayevin Bakı Şəhər Prokurorluğuna qarşı iddiası üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı qismində Eynulla Fətullayevin özü, vəkilləri İsaxan Aşurov və Elçin Sadıqov cavabdeh tərəfdən isə  Bakı Şəhər Prokurorluğunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Ramiz Rzayev iştirak edirdilər.
E. Fətullayev prosesin saat 15.30-a təyin olunmağına baxmayaraq onun xeyli əvvəl –  saat 09-dan  məhkəməyə gətirilməsinə etirazını bildirdi. ”Məni prosesə 8 saat qalmış  gətirilərək ac-susuz və ayaq üstə  saxlayıblar. Bu mənə qarşı işgəncədir”, – deyə Fətullayev vurğuladı.
 Hakim E. Həsənov növbəti proseslərdə  vəziyyəti nəzarətdə saxlayacağını bildirdi.
Daha sonra baş redaktorun vəkilləri onun barmaqlıq arxasından çıxarılaraq, vəkillərinin yanında əyləşə bilməsi üçün vəsatət qaldırdılar. Hakim E. Həsənov vəsatətin qəbul edildiyini bildirdi.
Daha sonra çıxış edən E. Fətullayev Bakı Şəhər Prokurorluğunun onun təqsirsizlik prezumpsiyasını pozmağı barədə izahat verdi.
Bakı Şəhər Prokurorluğunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Ramiz Rzayev isə çıxışında prokurorluğun baş redaktor barəsində xəbərləri hazırlayaraq yaydığını təsdiq etsə də, məlumatda jurnalistin təqsirsizlik prezumpsiyasının pozulmadığını iddia etdi.
Hakim E. Həsənov iş vaxtının bitdiyini  əsas gətirərək, növbəti prosesi 21 oktyabr saat 15:00-a təyin etdi.
Qeyd edək ki, hakim E. Həsənov məhkəmə  prosesi barədə mətbuatda qeyri-obyektiv yazıların  yer aldığını iddia edərək foto və video çəkilişin aparılmasına icazə vermədi.
 Xatırladaq ki, Bakı Şəhər Prokurorluğu 2010-cu il fevralın 2-də məlumat yayaraq Eynulla Fətullayevin narkotik istifadəçisi olduğunu bəyan edib.  Barəsində belə bir məlumatın yayılmasını Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinin, Cinayət-Prosessual Məcəllənin 21-ci, Konstitusiyanın 63-cü maddəsinin pozulması kimi qiymətləndirən Eynulla Fətullayev məhkəməyə müraciət edib. Jurnalist məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan şəxs barəsində onun təqsirliliyinə dəlalət edən məlumatları yaydığına və bu barədə cəmiyyətdə əvvəlcədən rəy yaratdığına görə Bakı Şəhər Prokurorluğunun rəsmən üzr istəməsini, təqsirsizlik prezumpsiyası hüququnun pozulmasının törətdiyi hüquqi nəticələrə görə Bakı Şəhər Prokurorluğundan 1 manat alınaraq Qaradağ Rayon Məhkəməsinin hakimi İsmayıl Xəlilova ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə iddia qaldırıb.
Belə ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu təxribatı jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş təxribat  kimi qiymətləndirir.
Əlavə edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir. Azərbaycan hökuməti Avropa Məhkəməsinin Böyük Palatasına şikayət edib.
 Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.
 2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

AZADLIQ QƏZETİNİN İNTERNET SƏHİFƏSİNƏ GİRİŞƏ QADAĞA QOYULUB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.