Həbsdə olan jurnalist Eynulla Fətullayev martın 31-də təkadamlıq kameradan çıxarılıb və saxlanıldığı 1 saylı cəzaçəkmə müəssisəsində məhkumlarla bir olan yerə göndəriblər. Bu barədə bu gün (01 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Anar Qasımov bildirib.
Vəkil Anar Qasımov onu da qeyd edib ki, Eynulla Fətullayevin cəzasının üçdə bir hissəsi mayın 6-da tamam olur. Əgər ona qədər Eynulla əfv olunmazsa, cəzasının çəkilməmiş hissəsi digər cəza növü ilə əvəzlənməsi üçün müraciət olunacaq.
Xatırladaq ki, Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində Eynulla Fətullayev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.