EYNULLA FƏTULLAYEV İŞGƏNCƏYƏ MƏRUZ QALDIĞINI BİLDİRİB

Dünən (6 yanvar) vəkil İsaxan Aşurov Bakı İstintaq Təcridxanasında saxlanılan “Gündəlik Azərbaycan”  və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun atası Emin Fətullayev məlumat verib.

Onun sözlərinə görə, vəkil İ. Aşurov jurnalistin saxlanma şəraitindən narazı olmadığını bildirib. Emin  Fətullayev baş redaktorun vəkili vasitəsilə ombudsman Elmira Süleymanovaya və “Amnesty İnternational”, “Human Rights Watch” da daxil olmaqla bir sıra beynəlxalq təşkilatlara çağırış etdiyini və üzərindən narkotik maddə tapılması ittihamının onun azadlığa buraxılmasını əngəlləmək məqsədi daşıdığını deyib.
Jurnalist daha sonra cərimə təcridxanasına salınarkən əməliyyat şöbəsinin əməkdaşlarının ona qarşı fiziki güc tətbiq edərək, işgəncələrə məruz qoyduqlarını, dekabr ayının 30-da vəkilinin gəlməsindən sonra bu işgəncələrə son verildiyini bildirib.
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərdən biri olan Andres Herkel də Eynulla Fətullayevə qarşı yeni ittihamlara münasibət bildirib. Baş verənlərin şübhəli göründüyünü deyən Herkel, dəqiq rəyini Azərbaycana səfəri zamanı açıqlayacağını deyib.
Mətbuat Şurasının (MŞ)  sədri Əflatun Amaşov Eynulla Fətullayev barədə qaldırılmış cinayət işinin istintaqının obyektiv aparılması üçün Daxili İşlər Naziri (DİN) Ramil Usubova müraciət ünvanlayıb.
Qeyd edək ki, dekabrın 29-da Fətullayevin üzərindən 0,22 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verən Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

MAHAL İSMAYILOĞLUNUN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ SABAH QƏRAR VERİLƏCƏK

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.