MAHAL İSMAYILOĞLUNUN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ SABAH QƏRAR VERİLƏCƏK

Bu gün (07 yanvar) Sumqayıt Apellyasiya Məhkəməsində hakim Hüseyn Nəbiyevin sədrliyi ilə “Yeni Müsavat” qəzetinin köşə yazarı, “Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal İsmayıloğlunun (Sadıqov) Abşeron rayon Məhkəməsinin çıxardığı  hökmdən verdiyi apellyasiya şikayətinə əsasən məhkəmə prosesi keçirildi.

Prosesdə məhkəmə eksperti Ceyran Yusifova tərəflərin suallarını cavablandırdı. Daha sonra məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan Nəsibə Səfərovanın  çıxışı dinlənildi.
Dövlət ittihamçısı Azər Abbasov çıxışında Abşeron rayon məhkəməsinin qərarının qüvvədə saxlanılmasını istədi. Məhkəmədə təqsirləndirilən şəxs qismində tanınan Mahal İsmayıloğlu və vəkili Elçin Sadıqov isə birinci instansiya məhkəməsinin qərarının ədalətsiz olduğunu deyərək, bəraət verilməsini istədilər.
Hakim qərarı elan etmək üçün son iclası sabah – 08 dekabr saat 12.00-a təyin etdi.
Xatırladaq ki, M.İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun qulluqçusunun şikayəti əsasında 2008-ci il iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu 3 və 21 iyun 2008-ci il tarixlərində döyməsi olub. Bu səbəbdən M.İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin  221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılmışdı. 1 iyul 2009-cu il tarixində Abşeron rayon Məhkəməsi M.İsmayıloğlunu CM-in 127-ci (qəsdən sağlamlığa az zərər vurma), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 221.3-cü maddələri (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə təqsirli bilərək, ona 2 il şərti azadlıqdan məhrumetmə cəzası verib. M.İsmayıloğlu isə ona şər atıldığını və jurnalist fəaliyyətinə görə böhtana məruz qaldığını iddia edir.

Previous Post

NAXÇIVAN RESURS MƏRKƏZİNDƏ VERGİ YOXLAMALARI BAŞLAYIB

Next Post

EYNULLA FƏTULLAYEV İŞGƏNCƏYƏ MƏRUZ QALDIĞINI BİLDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.