NEMƏT PƏNAHLI BAKI İSTİNTAQ TƏCRİDXANASINA KÖÇÜRÜLÜB

Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı və tanışı Ceyhun Fərzullayev dünən Bakı İstintaq Təcridxanasına köçürülüblər. Bu barədə bu gün (12 yanvar)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Pənahlının vəkili Elçin Sadıqov məlumat verib.

E. Sadıqov həmçinin Nəsimi rayon Məhkəməsinin 10 yanvar 2011-ci il tarixli hökmündən bu gün  apellyasiya şikayəti verdiklərini bildirdi.

Xatırladaq ki, Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı yanvarın 8-də mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsi (RPİ) 21-ci polis bölməsinə aparılıb. N.Pənahlının saxlanmasına səbəb yanvarın 7-də vətəndaş Eldar Rzayevin polisə müraciəti olub. O, Mirəli Qaşqay küçəsində N. Pənahlı və onun tanışı Ceyhun Fərzullayev tərəfindən yumruq və metal əşya vasitəsilə  döyüldüyünü iddia edərək, polisə müraciət edib. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin  (CM) 221.3-cü (silah və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb.

            Yaxınlarının verdiyi məlumata görə, əslində N.Pənahlı namizəd kimi iştirak etdiyi 7 noyabr 2010-cu il parlament seçkiləri zamanı, seçkilərdən sonra mətbuatda, xüsusilə də “Nota PS” qəzetlərində dərc olunan sərt fikirlərinə görə şərlənərək həbs edilib.

Qeyd edək ki, Nemət Pənahlı 1962-ci ildə Naxçıvanda anadan olub. 1980-ci illərin sonunda xalq azadlıq hərəkatına qoşularaq onun öncül simalarından olub. Azərbaycan Xalq Cəbhəsinin qurucularındandır. 1990-cı illərin əvvəllərində Heydər Əliyevin tərəfdarlarına qoşulub və mərhum prezidentin hakimiyyətinin ilk illərində Prezident Administrasiyasında yüksək vəzifədə işləyib. 1995-ci ildə parlament seçkisinin saxtalaşdırıldığını  iddia edərək istefa verib.

Bir müddət fəal siyasətdən uzaqlaşan Nemət Pənahlı 2010-cu il noyabrında 7-də keçirilən parlament seçkisində 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Seçkiyə bir həftə qalmış namizədlərdən birinin xeyrinə saxtakarlıq ediləcəyi iddiası ilə kampaniyanı dayandırıb.

 

Previous Post

NEMƏT PƏNAHLI İSTİNTAQ TƏCRİDXANASINA KÖÇÜRÜLÜB

Next Post

EYNULLA FƏTULLAYEV PARTİYA RƏHBƏRİNƏ TƏŞƏKKÜR MƏKTUBU YAZIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.