EYNULLA FƏTULLAYEVİN ACLIĞA BAŞLADIĞI BİLDİRİLİR

mart 26th, 2008
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev bu gündən etibarən saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində  aclıq aksiyası keçirir.

Bu barədə RATİ-yə məlumatı baş redaktorun atası Emin Fətullayev verib. Fətullayevin sözlərinə görə, dünən o cəzaçəkmə müəssisəsində oğlu ilə görüşüb və söhbət zamanı baş redaktor aclıq edəcəyini atasının diqqətinə çatdırıb: ”Eynulla mənə dedi ki, bu gün (26 mart) ərizə ilə həbsxana rəhbərliyinə müraciət edərək, aclıq aksiyası keçirməsi  barədə onları xəbərdarlıq edəcək. O hakimiyyətdən  jurnalistləri və siyasi məhbusları dərhal azadlığa buraxmağı, həmçinin  Avropa Şurası və ATƏT-in vicdan və siyasi məhbus probleminin həlli mexanizminin Azərbaycan ictimaiyyətinə təqdim olunmasını tələb edir”.
Məsələni dəqiqləşdirmək üçün baş redaktorun vəkili İsaxan Aşurovla əlaqə saxladıq. Aşurov jurnalistin aclıq etdiyini təsdiqlədi və bildirdi ki, sabah (27 mart) onun yanına gedəcək.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə RATİ-nin əməkdaşı ilə söhbətində bildirdi ki, bayram günləri olduğundan o 12 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə əlaqə saxlaya bilməyib və Fətullayevin aclıq etməsi ilə bağlı onda dəqiq məlumat yoxdur.