EYNULLA FƏTULLAYEVİN CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə qarşı narkotik saxlamaq ittihamı üzrə istintaq materialları Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Bu barədə jurnalistin vəkili İsaxan Aşurov “Azadlıq” radiosuna məlumat verib. Məlumatda bildirilir ki, Eynulla Fətullayevin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı dünən (29 mart) rayon prokuroru tərəfindən təsdiq edilib və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi. 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.