Azərbaycan hakimiyyəti Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən həbsdə olan jurnalist Eynulla Fətullayev üçün müəyyən olunmuş 28 min avro həcmində kompensasiyanı ödəmək niyyətində deyil.
“Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov vəkil İsaxan Aşurovun vasitəsilə mənə bildirdi ki, mən bankda öz adıma xüsusi hesab açdırım və kompensasiya bura köçürüləcək. Mən Beynəlxalq Bankın filialında bunu etdim. Bu gün yanvarın 10-dur, pul isə yoxdur”, – deyə jurnalistin atası Emin Fətullayev “Turan”a bildirib.
Ötən gün ombudsman Elmira Süleymanova bildirib ki, pulun guya ötən il dekabrın 22-də köçürülməsilə bağlı Çingiz Əsgərovdan məlumat alıb. Ombudsmanın məlumatında deyilir ki, pul Eynulla Fətullayevin öz hesabına köçürülüb. Lakin məsələ bundadır ki, 2007-cı ildə məhkum olunmuş jurnalistin hesabı bağlanıb və orada saxlanılan vəsait dondurulub. Bundan əlavə, Azərbaycan məhkəmələri Fətullayevi vergidən yayınmaqda ittiham ediblər. O zaman MTN Fətullayevin rəhbərlik etdiyi “Realnıy Azerbaydjan” qəzetinin kompüter avadanlığını götürərək qaytarmayıb.
Jurnalistin atası güman edir ki, hakimiyyət bilərəkdən pulu bağlı hesaba köçürüb ki, sonradan müsadirə barədə məhkəmə qərarına əsaslanaraq onu dövlətin xeyrinə götürsün.
Xatırladaq ki E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib. 2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822 avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu isə noyabrın 11-də bu qərarı qismən təmin etmək barədə qərar açıqlasa da, sonradan bu qərarın ümumiyyətlə dəyişdirilməsi bəlli olub. Dekabrın 28-də isə Ali Məhkəmə Fətullayev barəsində Apellyasiya Məhkəməsinin 05 noyabr 2010-cu il tarixli həbs qətimkan tədbirinin ləğv edilməsinə dair verilmiş şikayətinin təmin olunmamağına dair qərar verib.
Onu da qeyd edək ki, 06 iyul 2010-cu il tarixində Eynulla Fətullayev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı irəli sürülmüş ittiham üzrə çıxarılıb. Hazırda məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır.