EYNULLA FƏTULLAYEV MƏHKƏMƏYƏ GƏTİRİLMƏDİYİ ÜÇÜN PROSES YENƏ TƏXİRƏ SALINDI

aprel 7th, 2011
Aprelin 7-də Səbail rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist  Eynulla Fətullayevin Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova qarşı “Təqsirsizlik prezumpsiyası hüququnun pozulmasına ondan  üzr istənilməsi tələbinə dair keçirilməli olan məhkəmə hazırlıq iclası növbəti dəfə təxirə salınıb.

Baş redaktorun vəkili Anar Qasımov RATİ-yə bildirdi ki, prosesin təxirə salınmasına səbəb Eynulla Fətullayevin məhkəməyə gətirilməməyidir və hakim Elnur Həsənov prosesi 14 aprel saat 15:00-a təyin edib.

Qeyd edək ki, həm Avropa İnsan Hüquları Məhkəməsinin, həm də Ali Məhkəmə Plenumunun qanuni qüvvəyə minmiş qərarları ilə müəyyən edilib ki, Eynulla Fətullayev barəsində qondarma terrorçuluq ittihamı ilə istintaq aparıldığı dövrdə baş prokuror Zakir Qaralov mətbuata verdiyi açıqlamasında jurnalistin təqsirsizlik prezumpsiyası hüququmu pozaraq, onun barəsində  ictimai rəydə əvvəlcədən təqsirli olmağına dair mütləq fikir yaradıb. Eynulla Fətullayev baş prokurorun  səsləndirdiyi ifadəni  istintaqın gedişinə prosessual nəzarəti həyata keçirən Respublika Prokurorluğunun mövqeyinin ifadəsi kimi dəyərləndirərək, bunu təqsirsizlik prezumpsiyası hüququnun  pozulması kimi qiymətləndirmişdir.

Xatırladaq ki, Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

            Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.