EYNULLA FƏTULLAYEVİN VƏKİLİ TƏZYİQLƏ ÜZLƏŞİB

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaijan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayevin vəkili Anar Qasımov dünən Bakı İstintaq Təcridxanasında jurnalistlə görüş zamanı insidentlə üzləşib.

Bu barədə Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutuna (RATİ)  Anar Qasımovun özü məlumat verib.

 

Onun sözlərinə görə, dünən Bakı İstintaq Təcridxanasında baş redaktorla   görüşdən çıxanda onu yoxlamağa cəhd ediblər:

“Buna etiraz etdim, çünki qanunla vəkil yoxlana bilməz, vəkilin daşıdığı informasiyalar konfidensialdır. Mənə izah etməyə çalışdılar ki, guya nəzarəti gücləndiriblər, bu yoxlama təkcə mənə qarşı deyil, hər kəsə aiddir”, – deyə qeyd edən Anar Qasımov onu da qeyd etdi ki, Eynulla Fətullayevin hesabına hansı əsasla və nə vaxt həbs qoyulması üçün sorğu veriləcək və lazım gəldiyi təqdirdə şikayət də ediləcək. O həmçinin yanvarın 26-da saat 10-da Bakı Apellyasiya Məhkəməsində Səbail rayon Məhkəməsinin 04 oktyabr tarixli qərarından verilən apellyasiya şikayətinə baxılacağını da  qeyd etdi.

 

Xatırladaq ki E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

 

Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu isə noyabrın 11-də bu qərarı qismən təmin etmək barədə qərar açıqlasa da, sonradan bu qərarın ümumiyyətlə dəyişdirilməsi bəlli olub. Dekabrın 28-də isə Ali Məhkəmə Fətullayev barəsində Apellyasiya Məhkəməsinin 05 noyabr 2010-cu il tarixli həbs qətimkan tədbirinin ləğv edilməsinə dair verilmiş şikayətinin təmin olunmamağına dair qərar verib.

 

Onu da qeyd edək ki, 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Hazırda məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır.

 

 

Previous Post

SƏFİRLİK BİNASININ ŞƏKLİNİ ÇƏKMƏK İSTƏYƏN JURNALİST POLİS TƏRƏFİNDƏN SAXLANILIB

Next Post

JURNALİSTLƏR 4 HƏFTƏLİK TRENİNQLƏRƏ DƏVƏT EDİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.