EYNULLA FƏTULLAYEVİN AZADLIĞI ÜÇÜN VERİLƏN VƏSATƏTLƏR TƏMİN EDİLMƏDİ

   Bu gün (22 noyabr) Bakı  Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun  sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru  Eynulla Fətullayev barəsində 06 iyul 2010-cu il tarixində Qaradağ rayon Məhkəməsində çıxarılmış hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi  keçirilib.

  Prosesdə Eynulla Fətullayev vəkili İsaxan Aşurovdan müvəqqəti olaraq imtina etdiyini bildirib.

             Daha sonra Eynulla Fətullayevin vəkili Elçin Sadıqov prosesdə girov müqabilində Eynulla Fətullayevin apellyasiya məhkəməsinin sonunadək azadlığa buraxılması barədə vəsatət qaldırdı.

            Bu vəsatətə münasibət bildirən dövlət ittihamçısı bildirib ki, məhkəmənin ilkin baxışından kassasiya şikayəti verildiyi üçün vəsatət baxılmamış saxlanılmalıdır.

“Mən artıq bəraət almışam və yalnız sizin barəmdə çıxardığınız həbs qətimkan tədbirinə görə həbsdəyəm. Mən lazım olsa 111 min manat pul və daşınmaz əmlak da girov qoya bilərəm. Ona görə də,  apellyasiya məhkəməsinin sonunadək girov müqabilində məni azadlığa buraxmağınızı xahiş edirəm”, – deyə məhkəmədə vəsatətə münasibət bildirərkən Eynulla Fətullayev qeyd edib.

            Müşavirədən qayıdan hakim Eynulla Fətullayevin vəsatətinin təmin edilmədiyini bildirib.

            Vəkil Elçin Sadıqov Eynulla Fətullayev barədə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə növbəti vəsatətlə çıxış edib.

            Dövlət ittihamçısı bildirib ki, bu vəsatət də baxılmamış saxlanılmalıdır.

            Hakim bu vəsatəti də təmin etmədi.

            Daha sonra, Elçin Sadıqov apellyasiya məhkəməsinin ilkin baxışının qərarından kassasiya şikayəti verdiklərini bildirib və  buna görə də prosesi dayandırmaq barədə vəsatət qaldırıb.  Bundan sonra hakim prosesi qeyri-müəyyən vaxta təxirə salıb.

Qeyd edək ki, əvvəlki proseslərdən foto və video çəkilişə qadağa qoyan  hakim Mirpaşa Hüseynov bu dəfə hətta jurnalistlərə bildirib ki, onun icazəsi olmadan dəftərlərində  qeydlər də  apara bilməzlər.

Xatırladaq ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır.

Onu da qeyd edək ki,E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu noyabrın 11-də bu qərarı qismən təmin etmək barədə qərar verib.

Previous Post

SEÇKİLƏR BARƏDƏ YAZDIĞINA GÖRƏ JURNALİST MƏHKƏMƏYƏ VERİLİB

Next Post

17 SAYLI YASAMAL ÜÇÜNCÜ SEÇKİ DAİRƏSİNDƏN DEPUTATLIĞA NAMİZƏD BƏXTİYAR HACIYEV İLƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.