Dekabrın 29-da “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin saxlandığı kameradan 0,22 qram heroin tapılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun atası Emin Fətullayev məlumat verib. Emin Fətullayev sözügedən narkotik maddənin jurnalistin gödəkcəsinin qol hissəsindən və ayaqqabısından tapıldığını deyərək, baş verənlərin əvvəlcədən hazırlanmış oyun olduğunu bildirdi.
Qaradağ rayon Polis İdarəsindən APA-ya bildirilib ki, artıq hadisə ilə bağlı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama və ya satma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. Habelə dünən vəkili İsaxan Aşurovun iştirakı ilə Eynulla Fətullayevdən narkotik maddə istifadəçisi olub-olmadığını aşkarlamaq üçün qan nümunəsi analiz üçün götürülüb.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkir.
Qeyd edək ki, 2005-ci ildən Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.
Belə ki, Fransada yerləşən "Sərhədsiz Reportyorlar" Təşkilatının Avropa və keçmiş sovet respublikaları üzrə təmsilçisi Elza Vidal Eynulla Fətullayevə qarşı irəli sürülən yeni ittihamlara münasibət bildirib. “Azadlıq” radiosunun məlumatına görə, o qeyd edib ki, gələn həftə jurnalistin işi ilə bağlı Avropa Məhkəməsinin dinləmələri keçirilməlidir və bu şübhəli "tapıntı" ittihamı Fətullayevi mümkün qədər gözdən salmaq, günahkar obrazında göstərmək məqsədi daşıyır: “Biz bir daha jurnalistə dəstəyimizi nümayiş etdirmək istəyirik. Çünki biz bilirik ki, o, narkotik istifadəçisi deyil, qətiyyətli və həqiqətpərəst bir jurnalistdir, Fətullayev öz yazılarında elə məsələlərə toxunurdu ki, hakimiyyət həmin mövzuların qabardılmasını istəmirdi". E.Vidal Fətullayevin işinin baxılacağı Avropa İnsan Haqları Məhkəməsində onun vəkilinə dəstək verəcəklərini də bildirib.