EYNULLA FƏTULLAYEVİN İSTİNTAQ TƏCRİDXANASINDA SAXLANMA MÜDDƏTİ ƏSAS OLMADAN ARTIRILIB

“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin Baki İstintaq Təcridxanasında saxlanma müddəti  daha 2 ay uzadılıb.

Bu barədə RATİ-yə jurnalistin vəkili Elçin Sadıqov məlumat verib. O bildirib ki, fevralın 25-də Qaradağ Rayon Məhkəməsi E.Fətullayevin aprelin 30-na qədər Bakı İstintaq Təcridxanasında saxlanılması barədə qərar qəbul edib. Qərarda müddətin uzadılmasının əsaslandırılmağını qeyd edən E. Sadıqov bununla bağlı apellyasiya şikayəti verəcəklərini bildirib. O həmçinin fevralın 20-də Qaradağ rayon prokurorluğunun istintaqın bitməsi ilə bağlı onlara məktub göndərdiyini, lakin sonradan hansısa səbəbdən müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət edildiyini bildirib.

Sadıqov əlavə edib ki, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bir neçə başqa diplomatlarla birgə dünən (25 fevral) təcridxanada Fətulayevə baş çəkib. Baş redaktora dözümlü olmağı məsləhət görən diplomatlar onun azadlığa buraxılmağı ilə bağlı Azərbaycan hakimiyyətinə dəfələrlə müraciət etdiklərini, lakin müraciətlərin nəticəsiz qaldığını deyiblər.

“Medaiaforum” saytının Avropa İnsan Hüquqları Məhkəməsinə istinadən yaydığı məlumata görə Eynulla Fətullayevin şikayətinə martın sonunda baxılacaq. Belə ki, prosesin dəqiq vaxtının yaxın günlərdə müəyyənləşəcəyi bildirilib.

Əlavə edək ki, 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1(Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

 Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.
Previous Post

EYNİ İDDİA ÜZRƏ BİR NEÇƏ QƏZETƏ QARŞI İDDİA MƏHKƏMƏ İCRAATINA GÖTÜRÜLÜB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.