FƏRƏMƏZ NOVRUZOĞLUNUN MƏHKƏMƏSİ YEKUNLAŞMAQ ÜZRƏDİR

Bu gün (16 avqust ) Nizami rayon Məhkəməsində hakim İmran Burcayevin sədrliyi ilə jurnalist Fərəməz Novruzoğlunun (Allahverdiyev) işi üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə təqsirləndirilən Fərəməz Novruzoğlu və ona dövlət tərəfindən təyin edilmiş yeni vəkil Zabit Məmmədov, eləcə də dövlət ittihamçısı Əsədulla Ramazanov iştirak ediblər.

            F. Novruzoğlu iş üzrə ifadə verən şahidlərin ifadələrinin protokolda təhrif olunduğunu, məhkəmənin qərəz nümayiş etdirdiyini deyərək, məhkəmə tərkibinə etiraz etdiyini bildirib.

            Qısa müşavirədən sonra hakim etirazın baxılmadan saxlanılması barədə qərarını elan edib.

Daha sonra vəkil Z. Məmmədov Novruzoğlunun barəsində  bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edib.

F. Novruzoğlu son çıxış üçün məhkəmədən vaxt istədi. Hakim İ. Burcayev məhkəməni 22 avqust saat 14:00-a təyin etdi.

             Xatırladaq ki, 18 aprel 2012-ci ildə jurnalist Fərəməz Novruzoğlu  gecə saatlarında Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin  xüsusi əməliyyatı nəticəsində həbs edilib. Jurnalist Cinayət Məcəlləsinin 220.2-ci (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə ittiham olunur. Cinayət əməli təsdiq olunarsa, onu 10 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, F. Novruzoğlu müxtəlif qəzetlərdə çalışıb, son olaraq “Millətim” qəzetində baş məsləhətçi kimi çalışıb.

 

 

Previous Post

GÜNEY AZƏRBAYCANDA ZƏLZƏLƏ BARƏDƏ ƏJDƏR TAĞIZADƏ VƏ CAHANGİR YUSİF İLƏ MÜSAHİBƏ

Next Post

SƏDƏRƏK GÖMRÜYÜNDƏ JURNALİSTƏ TƏZYİQ EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.